Bu gün Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatına start verilib.
İdman.Biz xəbər verir ki, tədbirin açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İdman tədbirinin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə şəhər icra başçısının müavini Adil Tağıyev, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev çıxış edib. Çıxışlar zamanı Gəncə şəhərində güləşin inkişafı istiqamətində görülən işlər, müxtəlif yerli və beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilməsi vurğulanıb. Eyni zamanda, Azərbaycan çempionatlarının UWW yarış formatına uyğun keçirilməsinin güləşçilərin beynəlxalq arenaya uyğunlaşması və potensiallarını nümayiş etdirməsi baxımından əhəmiyyəti qeyd olunub.
Açılış mərasimi şou proqramla davam edib.
Gəncə güləş məktəbinin yetirməsi, olimpiya çempionu Toğrul Əsgərovun azarkeşlərə ünvanladığı video müraciəti ilə mərasim başa çatıb.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq çəki dərəcələrində finalçıların adları dəqiqləşib.
Final cütlükləri belədir: 55 kq-da Nicat İsgəndərli (Sumqayıt, “Neftçi”) və Emin Cavadlı (AHİTA), 63 kq-da Tural Əhmədov (AHİTA) və Əmrah Əmrahov (Masallı), 72 kq-da Yusif Əhmədli (DİN, Sabirabad) və Kamran Rəcəbli (“Neftçi”), 82 kq-da Nicat Yeylaqaliyev (Abşeron, DİN) və Zaur Hüseynli (Abşeron), 97 kq-da isə Mahir Qurbanlı (“Neftçi”) və Rihad İbrahimli (Sumqayıt, “Neftçi”).
Qeyd edək ki, U-20 Azərbaycan çempionatı fevralın 7-dək davam edəcək.
