“Bu toplanışdakı məqsədimiz güc göstəricilərini və funksional hazırlığı, həmçinin dözümlülüyü artırmaqdır”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis yığmanın Göygöldəki təlim-məşq toplanışını dəyərləndirib:
“Yanvarın 31-də yekunlaşacaq hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir. Yarış baxımından ilk startımız olan Albaniyada keçiriləcək reytinq turnirinə planlı şəkildə hazırlaşırıq. Göygöldə təlim-məşq toplanışı keçirik. Əsas diqqəti güc və funksional hazırlığa ayırmışıq. Eyni zamanda texniki-taktiki hazırlığı da bura əlavə edirik. Əlbəttə, öz taktiki tapşırıqlarımızı yerinə yetirmək, rəqiblərimizi izləyib öyrənmək ki, gələcəkdə kiminlə necə mübarizə aparacağımızı bilək”.
O, komandanın hazırkı durumunu da dəyərləndirib:
“Komandanın hazırkı vəziyyəti haqqında danışmaq hələ tezdir. Çünki bu yaxınlarda Azərbaycan çempionatı keçirilib. Federasiyamız testlər təşkil etdi, həmin testlərdən keçdik və idmançıların orqanizmini yoxladıq. Güləşçiləri hazırlıq prosesinə cəlb edirik ki, gələcəkdə yüksək səviyyədə işləyə bilsinlər.
Albaniyada keçiriləcək reytinq turniri üçün iki toplanış nəzərdə tutulub. Daha əvvəl dediyim kimi, birinci toplanış daha çox güc və funksional hazırlıq xarakteri daşıyır. Həmçinin, Bakıda taktiki-texniki çalışmalar üzrə toplanış keçəcəyik”.
