Avropa çempionuna qalib gələn 20 yaşlı güləşçi: “Bununla da tilsimi qıracağıma inanıram”

Müsahibə
20 Dekabr 2023 09:40
283
Avropa çempionuna qalib gələn 20 yaşlı güləşçi: “Bununla da tilsimi qıracağıma inanıram”

“Yarışa çox yaxşı hazırlaşmışdım. Əziyyətimin bəhrəsini gördüyüm üçün çox xoşbəxtəm”.

Bunu İdman.bizə sərbəst güləş üzrə Azərbaycan çempionatının qalibi Nurəddin Novruzov (61 kq) deyib.

Ölkə çempionatının final görüşündə 20 yaşlılar arasında Avropa çempionu Ruslan Abdullayevi məğlub edən idmançı bildirib ki, əsas üstünlüyü psixoloji hazırlığı olub: “Final görüşünə çox yaxşı köklənmişdim. Əsas üstünlüyüm bu görüşə çıxanda yalnız bir hədəfimin olması idi. Çempion olmaq istəyirdim və bunu da bacardım”.

20 yaşlı güləşçinin sözlərinə görə, bu qələbə onun uğurlarının başlanğıcı olacaq: “Gənclərin Avropa çempionatının yarımfinalında mənə qarşı haqsızlıq oldu. Dünya çempionatının yarımfinalında da eyni halla üzləşdim. Bir yarışda da ciddi zədə aldım. Qismət olmayanda, olmur. Bu çempionluq ilə tilsimi qıracağıma inanıram”.

Qeyd edək ki, 61 kq çəki dərəcəsində Ceyhun Allahverdiyev və Camal Abbasov bürünc medal qazanıb.

Emin Ağa
İdman.biz