“Palmeyras”ın Libertadores Kubokundakı zəfəri “Barselona”ya qazanc gətirdi

29 Noyabr 2026 18:29
41
“Palmeyras”ın Libertadores Kubokundakı zəfəri “Barselona”ya qazanc gətirdi

İspaniyanın “Barselona” futbol klubu Braziliyanın “Palmeyras” komandasının Libertadores Kubokunu qazanması nəticəsində əlavə gəlir əldə edəcək.

İdman.Biz “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, buna kataloniyalıların sabiq hücumçusu Vitor Rokenin transfer müqaviləsindəki xüsusi bənd səbəb olub.

Braziliyalı futbolçu 2025-ci ildə 25,5 milyon avro (50 milyon AZN) və beş milyon avroluq (9 milyon AZN) bonuslar qarşılığında “Palmeyras”a transfer edilib. Razılaşmaya əsasən, hücumçunun beşillik müqaviləsi müddətində Braziliya təmsilçisinin beynəlxalq turnirdə qalib gələcəyi təqdirdə “Barselona”ya bir milyon avro (1.8 milyon AZN) ödənilməli idi.

Müqavilədə daha iki bonus nəzərdə tutulub. Roke klublararası dünya çempionatının ən yaxşı üç futbolçusundan biri seçilsəydi, Kataloniya təmsilçisi iki milyon avro qazanacaqdı. Lakin bu şərt yerinə yetirilməyib. 21 yaşlı hücumçu “Qızıl top” mükafatına səsvermədə ilk üçlüyə düşərsə, “Barselona” daha iki milyon avro əldə edəcək.

Əlavə gəlirin Kataloniya klubunun maliyyə feyr-pleyi çərçivəsində imkanlarını genişləndirəcəyi və qış transfer pəncərəsində müdafiə xəttini gücləndirməsinə kömək edəcəyi gözlənilir.

Qeyd edək ki, Libertadores Kubokunun finalında “Palmeyras” Argentinanın “Estudiantes” komandasına 1:0 hesabı ilə qalib gəlib. Vitor Roke qarşılaşmanın 77-ci dəqiqəsində meydana daxil olsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.

İdman.Biz