Holand “Mançester Siti”nin uğursuzluğuna izah tapa bilmir

25 Noyabr 2026 20:21
41
Holand “Mançester Siti”nin uğursuzluğuna izah tapa bilmir

İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Erlinq Holand komandasının son qarşılaşmalardakı uğursuz çıxışı barədə danışıb.

İdman.Biz “TNT Sports”a istinadən xəbər verir ki, norveçli futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Napoli” ilə 2:2 hesablı heç-heçədən sonra komandanın problemlərinin səbəbini müəyyənləşdirə bilmədiyini etiraf edib.

“Oyunun gedişində iki dəfə hesabı bərabərləşdirməyi bacardıq, amma özümüzdən daha çox şey tələb edirik.

Daha yaxşı oynamalı, qarşılaşmaya daha çox nəzarət etməyin yollarını tapmalıyıq. Bizə nəyin çatışmadığı barədə heç bir fikrim yoxdur. Son bir neçə oyunda nəyinsə qaydasında olmadığını hiss etmək mümkün idi. Bunun səbəbini tapmalı, nikbinliyimizi qorumalı və hər gündən maksimum faydalanmalıyıq.

Kapitanlıq sarğısı ilə və ya onsuz böyük məsuliyyət hiss edirəm. Çünki yeganə istəyim bu klub üçün yaxşı çıxış etmək və “Mançester Siti” ilə qələbələr qazanmaqdır. Hazırda isə bunu bacarmırıq. Bu, mənə ağrı verir”, - deyə Holand bildirib.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında son dörd qarşılaşmasının üçündə məğlub olub.

İdman.Biz