Yoronun cəzası ləğv edildi, hakimlər korpusunun rəhbəri isə qərarı müdafiə etdi

25 Noyabr 2026 19:16
57
Yoronun cəzası ləğv edildi, hakimlər korpusunun rəhbəri isə qərarı müdafiə etdi

İngiltərə hakimlər korpusunun rəhbəri Hovard Uebb “Mançester Yunayted”in müdafiəçisi Leni Yoroya “Liverpul”la qarşılaşmada göstərilən qırmızı vərəqə ilə bağlı hakimlərin qərarını müdafiə edib.

İdman.Biz xəbər verir ki, Uebb “Sky Sports”un “Match Officials Mic’d Up” verilişində İngiltərə Futbol Assosiasiyasının (FA) futbolçunun cəzasını ləğv etməsinə baxmayaraq, VAR-ın müdaxilə etməməsini əsaslandırıb.

Onun sözlərinə görə, mübahisəli məqam Aleksander İsakın topa “Mançester Yunayted”in qapıçısı Senne Lammensdən əvvəl çatıb-çatmayacağı ilə bağlı olub. Baş hakim Samuel Barrott isveçli hücumçunun topa daha tez çatacağını düşünüb. VAR hakimləri isə meydanda verilən qərarı açıq-aşkar səhv hesab etməyiblər.

Uebb Lammensin topa daha tez çatması ehtimalının müzakirəyə açıq olduğunu, lakin bunun hakimin qərarını aşkar səhv saymaq üçün kifayət etmədiyini vurğulayıb.

“Mançester Yunayted” isə İsakın qeydə alınmış maksimal sürətlə hərəkət edəcəyi təqdirdə belə topa Lammensdən əvvəl çata bilməyəcəyini statistik məlumatlarla sübut etməyin mümkün olduğunu düşünür. Klub məsələ ilə bağlı hakimlər korpusuna və Premyer Liqa rəhbərliyinə müraciət edəcək.

Qeyd edək ki, noyabrın 22-də keçirilən və “Liverpul”un 4:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın səkkizinci dəqiqəsində Yoro meydandan qovulub. Sonradan klubun apellyasiya şikayəti təmin olunub və müdafiəçinin bir oyunluq cəzası ləğv edilib.

İdman.Biz