Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanın müxtəlif guşələrindən olan ölkələri bir araya gətirir.
İdman.Biz xəbər verir ki, bunu Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino turnirin açılış mərasimində deyib.
FIFA rəhbəri futbolun qlobal mahiyyətini vurğulayaraq, bütün istedadlı gənclərə özlərini göstərmək imkanının yaradılmasının vacibliyini bildirib:
“FIFA üçün dünyanın hər guşəsindəki istedadlara özlərini təsdiq etmək şansı vermək mühümdür. Biz hər bir ölkəyə böyük hədəflər qurmaq imkanı yaratmalıyıq. U-15 dünya çempionatı və festivalı həqiqətən də dünyanı bir araya gətirir. İlk dəfədir ki, Bakıda 189 komandanı, 3 mindən çox oyunçu və rəsmi şəxsi bir araya toplayırıq”.
İnfantino turnirin yüksək səviyyədə təşkilinə və göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, onun komandasına və təşkilatçılara minnətdarlığını ifadə edib.
Xatırladaq ki, turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1000-ə yaxın oyun keçiriləcək.
