Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

24 Oktyabr 2026 19:40
123
Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Almaniya Bundesliqasının yeddinci turunda günün ilk beş oyunu başa çatıb. Bu qarşılaşmalarda ümumilikdə 12 qol vurulub.

İdman.Biz xəbər verir ki, oktyabrın 24-də ən məhsuldar görüşlər Leypsiq və Mayntsda keçirilib.

“Bavariya”ya 1:6 hesablı məğlubiyyətdən sonra “Leypsiq” “Elversberq”i darmadağın edib - 4:0. Halbuki fasiləyədək qonaqlar meydan sahiblərinə ciddi çətinliklər yaradıblar. Dörd qolun hamısı ikinci hissədə vurulub: Tidiam Qomis və Kristof Baumqartner hərəyə bir, meydana sonradan daxil olan Romulo isə iki dəfə fərqlənib. Xallarını 12-yə çatdıran “Leypsiq” beşinci pilləyə yüksəlib. “Elversberq” 10 xalla səkkizincidir.

“Verder” səfərdə “Maynts”a 3:2 hesabı ilə qalib gəlib. Niklas Füllkruq 7-ci və 25-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirərək çempionatda qollarının sayını səkkizə çatdırıb. Antoni Kasi 33-cü dəqiqədə fərqi azaldıb, fasilədən sonra isə Ludovit Reys və Li Ce Son qarşılıqlı qollar vurublar. Meydan sahibləri sonadək təzyiq göstərsələr də, Bremen təmsilçisi üstünlüyünü qoruyub. “Verder” 12 xalla altıncı, “Maynts” 10 xalla yeddincidir.

“Hamburq” üçün məğlubiyyət xüsusilə acı olub: “Paderborn”un 1:0 hesablı qələbəsini təmin edən yeganə qolu 88-ci dəqiqədə məhz Hamburq klubundan icarəyə götürülən Rayan Filipp vurub. Qaliblər səkkiz xalla 12-ci pilləyə yüksəlib, məğlub tərəf isə doqquz xalla onuncu yerə enib.

“Auqsburq”la “Union” 1:1 hesablı heç-heçə edib. 19-cu və 63-cü dəqiqələrdəki qırmızı vərəqələrdən sonra hər iki komanda oyunu on nəfərlə tamamlayıb. Han-Noa Massenqo 71-ci dəqiqədə meydan sahiblərini önə çıxarsa da, Yanik Haberer 74-cü dəqiqədə tarazlığı bərpa edib. “Auqsburq” doqquz xalla doqquzuncu, Berlin təmsilçisi altı xalla 17-cidir.

Günün yeganə qolsuz heç-heçəsi “Köln”lə “Şalke”nin görüşündə qeydə alınıb. Meydan sahibləri səkkiz xalla 11-ci, qonaqlar altı xalla 16-cı pillədədir.

Bu mövqelər hələlik müvəqqətidir. Hərəyə 14 xalı olan “Bavariya” və Dortmund “Borussiya”sı liderdir. Dortmundlular bu gün “Ayntraxt”ı qəbul edəcəklər. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

İdman.Biz