Qadın futbol klubları arasında tarixdə ilk dünya çempionatı 2028-ci ildə ABŞ-də keçiriləcək. FIFA turnirin ev sahibi ilə yanaşı, yarışda iştirak hüququ qazanan ilk yeddi klubun adını da açıqlayıb.
İdman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarış yanvarın 5-dən 30-dək təşkil olunacaq. Dörd ildən bir keçirilməsi nəzərdə tutulan turnirdə altı konfederasiyanı təmsil edən 19 klub iştirak edəcək.
FIFA-nın qərarına əsasən, ABŞ ev sahibi kimi beynəlxalq yarışların təşkilindəki təcrübəsinə, inkişaf etmiş idman infrastrukturuna və ölkədə qadın futboluna böyük marağa görə seçilib.
Artıq İngiltərənin “Arsenal”, İspaniyanın “Barselona”, Meksikanın “Amerika”, ABŞ-nin “Qotem”, Şimali Koreyanın “Neqohyanq”, Braziliyanın “Korintians” və Çinin “Uhan Tsyanda” klubları dünya çempionatına vəsiqəni təmin ediblər.
Turnir iştirakçıları 2024-2027-ci illərdə başa çatan mövsümlərdə öz konfederasiyalarının əsas klub yarışlarında göstərdikləri nəticələr əsasında müəyyənləşdirilir.
Avropanı turnirin əsas mərhələsində beş klub birbaşa təmsil edəcək. Daha bir Avropa klubu isə əsas mərhələyə vəsiqə uğrunda əlavə seçmə oyunlarında iştirak edəcək
Asiya, Afrika, Şimali və Mərkəzi Amerika, Karib hövzəsi, eləcə də Cənubi Amerikanın hər birinə iki birbaşa və bir əlavə seçmə vəsiqəsi ayrılıb. Okeaniya təmsilçisi isə birbaşa çempionata yollana bilməyəcək.
Əlavə seçmə oyunların üç qalibi qrup mərhələsində mübarizə aparacaq 13 komandaya qoşulacaq.
FIFA-nın qadın futbolu üzrə rəhbəri Saray Bareman bildirib ki, ABŞ-nin seçilməsi ətraflı qiymətləndirmənin nəticəsidir:
“İlk qadın klublararası dünya çempionatı üçün ən uyğun ev sahibini müəyyənləşdirmək məqsədilə geniş qiymətləndirmə apardıq. ABŞ-nin son illərdə FIFA turnirlərinin təşkilində qazandığı uğurlar, qadın futboluna böyük maraq və yüksək səviyyəli idman infrastrukturu bu ölkəni ən uyğun seçimə çevirdi”.
Qeyd edək ki, FIFA qadın klubları arasında dünya çempionatının dörd ildən bir keçirilməsini planlaşdırır.
