Argentinalı futbol ulduzu Lionel Messi İspaniyanın Ovyedo şəhərində keçirilən görüşdə minlərlə azarkeşin böyük rəğbəti ilə qarşılanıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, “Palacio de los Deportes” idman sarayında təşkil olunan tədbirə 6200 nəfər qatılıb. Onların arasında Asturiya bölgəsinin müxtəlif məktəblərindən gələn şagirdlər də olub.
Daha inklüziv futbolun təşviqinə yönəlmiş “Onluğun oyunu” layihəsi çərçivəsində keçirilən görüşə maraq böyük olub. Geniş ictimaiyyət üçün ayrılmış biletlər cəmi 12 dəqiqəyə tükənib.
Messi çıxışına başlayarkən zalda “Təşəkkürlər, Leo!” şüarları səsləndirilib. Argentinalı ulduz göstərilən sevgidən təsirləndiyini gizlətməyib:
“Bu qədər sevgi görmək məni çox xoşbəxt edir. Burada olmaq mənim üçün böyük sevincdir”.
Uşaqlıq illərini xatırlayan Messi futbola münasibətindən də danışıb:
“Hər dəfə futbol meydançası görəndə oynamaq istəyirdim”.
O, həmişə qalib gəlməyə çalışdığını, lakin futboldan zövq almağın onun üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb.
Messi “Barselona”nın əsas komandasında 16 yaşında debüt etdiyi dövrü də yada salıb. Ronaldinyo, Samuel Eto'o, Xavi və Karles Puyol kimi ulduzlarla eyni soyunub-geyinmə otağını bölüşməyin utancaq gənc üçün asan olmadığını söyləyib.
Argentinalının sözlərinə görə, həmin vaxt ona verilən əsas məsləhət futboldan zövq almaq, yanında kimin oynadığını düşünməmək və özünü kollektivin bir hissəsi kimi hiss etmək olub.
Messi gənc futbolçulara səhvlərdən nəticə çıxarmağı, inkişaf etmək istəyini qorumağı və diqqəti növbəti epizoda yönəltməyi tövsiyə edib. O, uşaqların özlərinə həddindən artıq təzyiq göstərməməli olduqlarını da vurğulayıb:
“Qazandığınızdan daha çox məğlub olacaqsınız”.
Tədbirdə iştirak edən Santi Kasorla da Messi ilə bağlı maraqlı xatirəsini bölüşüb. O, vaxtilə argentinalıdan komandasına qarşı cərimə zərbəsindən qol vurmamasını xahiş etdiyini zarafatla xatırladıb. Lakin Messi həmin epizodda topu qapının yuxarı küncünə göndərib.
Görüşün sonunda argentinalı futbolçu uşaqlara əsas mesajını bir daha çatdırıb: gənc yaşlarda ən vacib məsələ futbol oynamaqdan həzz almaqdır.
