İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real Madrid”in onun dərhal istefasını tələb etməsinə münasibət bildirib və klub rəhbərliyini ölkə çempionatının nüfuzuna zərbə vurmaqda ittiham edib.
İdman.Biz xəbər verir ki, Tebas sosial şəbəkə hesabında yayımladığı açıqlamada “Real Madrid”in bu addımını təzyiq cəhdi kimi qiymətləndirib.
“Bütün bunların bir adı var - hədə-qorxu. Bunu rəsmi bəyanat formasında təqdim etmək mahiyyətini dəyişmir. Superliqa ilə əldə edə bilmədiklərinə öz mediaları vasitəsilə yaydıqları təhrif olunmuş məlumatlarla nail olmağa çalışırlar”, - deyə o vurğulayıb.
La Liqa rəhbəri son 13 ildə Madrid klubunun dəfələrlə onun istefasına və ya vəzifədən uzaqlaşdırılmasına çalışdığını xatırladıb.
“Artıq 13 il ərzində “Real Madrid” rəhbərlərinin neçə dəfə istefamı tələb etdiklərini və ya məni vəzifədən uzaqlaşdırmağa çalışdıqlarını saymıram. Bugünkü bəyanat da onlardan biridir. Lakin cavablandırılmamış suallar hələ də qalır”, - deyə Tebas qeyd edib.
O, həmçinin “Neqreyra işi” ilə bağlı La Liqanın əvvəldən tədbir gördüyünü söyləyərək “Real Madrid”i hakimlərə qarşı irəli sürdüyü ittihamları sübut etməyə çağırıb.
Tebasın sözlərinə görə, hakimlik sistemində islahatların aparılması zəruridir, lakin bu, qurumların “Real Madrid” rəhbərliyinin istəklərinə uyğun hərəkət etməsi demək deyil.
Qeyd edək ki, mübahisəyə Tebasın “Real Madrid” TV-nin fəaliyyətini nasist Almaniyasının təbliğat mexanizmləri ilə müqayisə etməsi səbəb olub. Madrid klubu buna cavab olaraq La Liqa prezidentinin dərhal istefasını tələb edib.
