Şotlandiyanın “Seltik” futbol komandasının baş məşqçisi Martin O'Nil Kamilo Duranın “Benfika” ilə keçiriləcək Avropa Liqası matçında iştirak etmək ehtimalından danışıb.
İdman.Biz “The Scottish Sun” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı kolumbiyalı hücumçu ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar Qlazqoda qalıb və komanda ilə birlikdə Lissabona yollanmayıb.
Baş məşqçi futbolçunun Portuqaliyaya gedərək qarşılaşmada iştirak edəcəyinə ümid etdiyini bildirib.
“Onun bizə qoşulacağını gözləyirik. Yanımızda olması çox yaxşı olardı. Həyat yoldaşı övlad dünyaya gətirib və bu, əla xəbərdir. Onu bu axşam Lissabona gətirmək üçün uçuş təşkil etmək imkanımız var. Alınmasa, sabah gələcək. Oynamaq istəyir. Düşünürəm ki, ilk övladının doğuluşunda iştirak edə bilməyib və bu dəfə həmin anı yaşamaq istəyib”, - deyə O'Nil bildirib.
Baş məşqçi Avropa Liqasındakı hədəflərindən danışaraq komandasının pley-off mərhələsinə yüksəlmək üçün mübarizə aparacağını vurğulayıb. O, növbəti yeddi oyunda 10-11 xal toplamağın kifayət edə biləcəyini düşünür.
Qeyd edək ki, “Seltik” Liqa mərhələsinin ilk turunda “Ferentsvaroş”a 1:3 hesabı ilə məğlub olub. Şotlandiya təmsilçisi bu gün “Benfika”nın qonağı olacaq.
Xatırladaq ki, Duran “Seltik”ə “Qarabağ”dan altı milyon funt sterlinqə (13,7 milyon AZN) transfer olunub.
