“Real Madrid”in futbolçusu Kilian Mbappe və onun anası, eyni zamanda agenti olan Fayza Lamari Fransada korrupsiya işi çərçivəsində polis tərəfindən dindirilib.
İdman.Biz “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, Lamari rüşvət verməkdə şübhəli bilinir. İstintaq orqanları onunla yanaşı, şübhəli maliyyə əməliyyatında iştirak etmiş ola biləcəyi ehtimal edilən Mbappeni də dindiriblər.
Müstəntiqlərin versiyasına görə, Fransa millisinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Məhəmməd Sanhaci futbolçunun anasına dörd giriş vizasının sürətlə alınmasında kömək edib. İddia olunur ki, bunun müqabilində Mbappe Sanhacinin hesablarına 60,3 min avro köçürüb.
Sanhaci Fransada aparılan genişmiqyaslı antikorrupsiya istintaqının əsas fiqurantlarından biri hesab olunur.
Qeyd edək ki, bu iş çərçivəsində daha əvvəl digər tanınmış futbolçular, o cümlədən Fransa millisinin sabiq yarımmüdafiəçisi Frank Riberi də dindirilib.
