“Monako” maliyyə böhranı ilə üzləşib - Hər yay 100 milyonluq satış məcburiyyəti

8 Oktyabr 2026 22:54
98
“Monako” maliyyə böhranı ilə üzləşib - Hər yay 100 milyonluq satış məcburiyyəti

Fransanın “Monako” futbol klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib. Liqa 1 təmsilçisi büdcəsində tarazlığı qorumaq üçün futbolçularını satmağa və maaş xərclərini azaltmağa məcbur qalıb.

İdman.Biz “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, klubun sahibi Dmitri Rıbolovlev artıq üç ildir şəxsi vəsaitini “Monako”ya yatırmır.

Rusiyalı iş adamı 2024-cü ildə klubu satmaq imkanlarını araşdırmağa başlayıb. Həmin vaxt təxminən 20 investor “Monako”nu almağa maraq göstərib. Klubun dəyərinin 300 milyon avrodan yüksək qiymətləndirildiyi bir neçə təklif də daxil olub. Lakin Rıbolovlev onların hamısını rədd edib.

2025-ci ilin əvvəlindən satış prosesi dayandırılıb və son bir il yarım ərzində klub sahibi bu variantı nəzərdən keçirmir.

Məlumata görə, Rıbolovlevin maliyyə dəstəyinin olmaması “Monako”nu hər yay 100 milyon avrodan çox məbləğdə futbolçu satmağa və əməkhaqqı fondunu azaltmağa məcbur edir. Klub bu yolla büdcəsini balanslaşdırmağa çalışır.

Qeyd edək ki, “Monako” maliyyə problemlərinə baxmayaraq, Fransa çempionatında beş turdan sonra 13 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz