Böyük Britaniyanın təhsil naziri “Mançester Yunayted” azarkeşlərini təhqir etdi - VİDEO

1 Oktyabr 2026 00:50
63
Böyük Britaniyanın təhsil naziri “Mançester Yunayted” azarkeşlərini təhqir etdi

Böyük Britaniyanın təhsil naziri Lüsi Pauell “Mançester Yunayted” azarkeşlərini təhqir edib.

İdman.Biz “GB News”ə istinadən xəbər verir ki, “Mançester Siti” tərəfdarı olan nazir “Yunayted” azarkeşlərini “zibil” adlandırıb.

“Mən özüm “Mançester Siti”yə azarkeşlik edirəm. Məhz futboldan söz düşmüşkən, bütün həftə sevinən həmin “Yunayted” azarkeşlərinə demək istəyirəm: siz hər halda zibilsiniz və bunu bilirsiniz!” – deyə Pauell bildirib.

O, bu sözləri “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı qalmaqala görə klubun tənqid edilməsinə cavab olaraq söyləyib.

Premyer Liqanın müstəqil komissiyası “Mançester Siti”ni maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamın 114-ü üzrə təqsirli bilib. Klub həmçinin araşdırma komissiyası ilə əməkdaşlıqdan imtina ilə bağlı ittihamların əksəriyyəti üzrə də təqsirli hesab olunub. Pozuntular 2009/10–2017/18 mövsümlərini əhatə edir.

“Mançester Siti” rəhbərliyi qərarla razılaşmadığını və hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb. Klubun bunun üçün oktyabrın 2-dək vaxtı var.

İdman.Biz