“Sabah”ın hücumçusu Coy-Lens Mikels Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda “Mançester Yunayted”ə qarşı keçiriləcək oyunla bağlı BBC-yə danışıb.
İdman.Biz xəbər verir ki, uşaqlıqdan “Mançester Yunayted”in azarkeşi olduğunu bildirən 32 yaşlı futbolçu imkan düşdükcə bu komandanın oyunlarını izləməyə çalışdığını deyib.
Onun sözlərinə görə, püşkatmada əldə etdikləri ən yaxşı nəticə məhz “Old Trafford”da oynamaq olub: “Mançester Yunayted” dünyanın ən böyük klublarından biridir, buna görə də yaşıl meydana çıxmaq qürurverici an olacaq”.
Mikels Çempionlar Liqasında yalnız atmosferdən zövq almaq üçün yox, həm də Azərbaycanı layiqincə təmsil etmək üçün mübarizə aparacaqlarını bildirib: “Çempionlar Liqasına çatmaq “Sabah” üçün tarixi nailiyyətdir və liqa mərhələsinə “Old Trafford”da başlamaq bunu daha da həyəcanlı edir. Eyni zamanda, ora yalnız atmosferdən zövq almaq üçün getmirik. Biz təkcə klubumuzu deyil, həm də Azərbaycanı layiqincə təmsil etmək və burada olmağa haqq etdiyimizi göstərmək üçün mübarizə aparmaq istəyirik”.
Valideynləri sayəsində Ruandanı təmsil etmək hüququ qazanan hücumçu cari ilin mart ayında “Arılar” ləqəbli Ruanda millisində debüt edib. Mikels hazırda Şərqi Afrika ölkəsindən Çempionlar Liqasının əsas mərhələsində oynayan ilk futbolçu olmağa hazırdır:
“Ruanda köklərimlə çox qürur duyuram. Çempionlar Liqasında oynayarkən Ruandanı təmsil etmək çox xüsusidir. Ümid edirəm ki, mənim səyahətim gənc ruandalı futbolçulara kömək edə və onlara inam, zəhmət və səbir sayəsində futbolun zirvəsinə çatmağın mümkün olduğunu göstərə bilər”.
Futbolçu hesab edir ki, turnirdə hər bir matç xüsusidir, çünki rəqiblər Avropanın ən güclü komandalarıdır:
“Təbii ki, “Mançester Yunayted” və “Barselona” tarixi və qlobal nüfuzuna görə dərhal diqqəti cəlb edir. “Old Trafford”da oynamaq və “Barselona”nı Bakıda qəbul etmək hər bir futbolçunun arzuladığı anlardır. Lakin biz hər bir rəqibə hörmət etməliyik və hər bir matç bizim üçün ən yüksək səviyyədə özümüzü sınamaq imkanı olacaq. Biz bundan maksimum yararlanmaq, eyni zamanda bundan zövq almaq və komanda kimi böyüməyə davam etmək istəyirik. Biz müəyyən xallarla qayıtmaq istəyirik və hər kəs üçün xal qazanmağı çətinləşdirəcəyik. Məqsədimiz budur”.
