Messinin xatirəsini fitə basdılar - VİDEO

7 Sentyabr 2026 09:43
87
Messinin xatirəsini fitə basdılar - VİDEO

Futbol üzrə Argentina çempionatının səkkizinci turunda “Rosario Sentral” və “Nyuells Old Boyz” komandaları qarşılaşıb.

İdman.Biz xəbər verir ki, “Gigante de Arroito” stadionunda keçirilən mərkəzi oyunda Lionel Messiyə də yaddan çıxmayıb.

Belə ki, Argentina Futbol Assosiasiyasının (AFA) qərarına əsasən, ölkədəki bütün futbol oyunlarında 10-cu dəqiqədə qarşılaşmalar dayandırılaraq 39 yaşında Argentina millisindən ayrıldığını açıqlayan Messiyə ehtiram göstərilir.

Beləliklə, “Rosario Sentral” - “Nyuells Old Boyz” oyununda da baş hakim Yael Falkon Peres 10-cu dəqiqədə matçı dayandırıb. Stadionun böyük ekranında Messi ilə bağlı videoçarx nümayiş etdirilib və futbolçular, məşqçilər heyəti, eləcə də azarkeşlərin böyük hissəsi argentinalı ulduzu alqışlayıb.

Lakin stadionda maraqlı vəziyyət də yaranıb. “Rosario Sentral” azarkeşlərinin bir hissəsi Messi əvəzinə komandanın kapitanı Anxel Di Mariyanın adını səsləndirib. Tribunalar “Fideo, Fideo” şüarı ilə futbolçunu alqışlayıb.

Bunun əsas səbəbi Messinin “Nyuells Old Boyz”la bağlılığıdır. O, uşaqlıq illərində bu klubun akademiyasında futbol oynayıb və “Nyuells”ə azarkeşlik etdiyini dəfələrlə bildirib. Buna görə “Rosario Sentral”ın bəzi tərəfdarları Messinin ehtiram mərasimini fit səsləri ilə də müşayiət ediblər.

Meydanda olan digər argentinalı əfsanə Di Mariya dostu Messiyə hörmətini nümayiş etdirib. “Rosario Sentral”ın kapitanı ehtiram mərasimi boyunca digər futbolçularla birlikdə Messini alqışlayıb.

“Nyuells Old Boyz” da Messini unutmayıb. Komandanın futbolçuları qarşılaşmada formalarında “Gracias Leo” (“Təşəkkürlər, Leo”) yazısı olan xüsusi emblem daşıyıblar. Klubun kapitanı Luka Rejiardo isə eyni yazının yer aldığı xüsusi kapitan sarğısından istifadə edib.

Qeyd edək ki, Messi “La Masia” akademiyasına keçməzdən əvvəl “Nyuells Old Boyz”un yetirməsi olub.

İdman.Biz