İtaliyanın “Milan” futbol klubunun yarımmüdafiəçisi Luka Modriç sabiq komandası “Real”ın baş məşqçisi Joze Mourinyo barədə fikirlərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, xorvatiyalı futbolçu Madrid klubunun yeni mövsümdə fərqli göründüyünü bildirib.
“İlk oyunlardan artıq görünür ki, bu, fərqli “Real”dır. Qorxudan və mənim xoşuma gələn bir “Real” görürəm. Mourinyonun təyinatının klub üçün çox düzgün qərar, hətta bu komandanı nəzərə alsaq, ən yaxşı seçim olduğunu düşünürəm”, - Modriç “Diario AS”a deyib.
41 yaşlı futbolçu Mourinyonun onun “Real”a transferində əsas rol oynadığını da xatırladıb. Modriçin sözlərinə görə, portuqaliyalı mütəxəssis həmin vaxt klub rəhbərliyinə onun transferində israr edib.
Xorvatiyalı yarımmüdafiəçi Mourinyo ilə cəmi bir mövsüm işləməsinə baxmayaraq, ondan çox şey öyrəndiyini vurğulayıb. O, portuqaliyalının matçlara hazırlıq metodunu xüsusi qeyd edib və futbolçuların meydana çıxarkən qarşılaşmada nələrin baş verəcəyini əvvəlcədən bildiklərini söyləyib.
Modriç hesab edir ki, Mourinyonun rəhbərliyi altında “Real” bütün turnirlərdə təhlükəli rəqib olacaq:
“Məncə, o, düzgün yerdədir. “Real” dünyanın ən yaxşı klubudur, Mourinyo isə tarixin ən yaxşı məşqçilərindən biridir. Bu birlik digərlərində qorxu yaradacaq”.
Modriç həmçinin “Real”ın əsas diqqəti “Barselona”ya deyil, öz oyununa yönəltməli olduğunu bildirib. Onun fikrincə, Madrid klubu rəqiblərinin nə etdiyinə baxmamalı, əksinə, digər komandalar “Real”dan narahat olmalıdır.
