“Real” və “Barselona” İspaniya La Liqasının yay transfer pəncərəsində futbolçu alışına görə digər klubları əhəmiyyətli dərəcədə qabaqlayıb.
İdman.Biz “Transfermarkt” portalına istinadən xəbər verir ki, Madrid təmsilçisi yeni futbolçuların transferinə 225 milyon avro, “Barselona” isə 184 milyon avro xərcləyib. Beləliklə, iki nəhəng klubun ümumi transfer xərci 409 milyon avro (818 milyon manat) təşkil edib.
La Liqanın digər 18 iştirakçısı isə birlikdə futbolçu transferlərinə 346,28 milyon avro (691 milyon manat) sərf edib.
Xərclərə görə üçüncü pillədə 123 milyon avro ilə “Atletiko” qərarlaşıb. Daha sonra “Betis” (30,5 milyon avro), “Deportivo” (26 milyon avro), “Elçe” (23,25 milyon avro) və “Rasinq” (20,5 milyon avro) yer alıb.
Yeni futbolçulara pul xərcləyən klublar arasında ən az vəsait ayıran isə “Malaqa” olub. Komanda transferlərə cəmi 300 min avro sərf edib.
“Atletik” Bilbao isə yeni futbolçu almaq üçün transfer pəncərəsində ümumiyyətlə pul xərcləməyib.
