A Seriyası: “İnter”, “Latsio” və “Komo”dan qələbə, “Napoli” büdrədi - YENİLƏNİB + VİDEO

30 Avqust 2026 22:39
619
A Seriyası: “İnter”, “Latsio” və “Komo”dan qələbə, “Napoli” büdrədi - YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının ikinci turunda “İnter” səfərdə “Kalyari”ni, “Latsio” isə doğma meydanda “Cenoa”nı məğlub edib.

İdman.Biz xəbər verir ki, “İnter” “Unipol Domus” stadionunda keçirilən qarşılaşmada “Kalyari”yə 1:0 hesabı ilə qalib gəlib.

Matçın yeganə qolunu 9-cu dəqiqədə Hakan Çalhanoğlu vurub. Bu nəticədən sonra “İnter” iki oyunda 6 xal toplayaraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Kalyari”nin isə 3 xalı var.

İlk turda “İnter” “Montsa”nı 4:1, “Kalyari” isə “Parma”nı 1:0 hesabı ilə məğlub etmişdi.

Növbəti turda “İnter” sentyabrın 5-də doğma meydanda “Napoli” ilə qarşılaşacaq. “Kalyari” isə sentyabrın 7-də “Leççe”ni qəbul edəcək.

Turun digər oyununda “Latsio” “Olimpiko” stadionunda “Cenoa”nı 1:0 hesabı ilə üstələyib.

Roma təmsilçisinin qələbə qoluna 25-ci dəqiqədə Davide Frattezi imza atıb.

“Latsio” da iki turdan sonra xal ehtiyatını 6-ya çatdıraraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. “Cenoa” isə xalsız 17-ci yerdə qərarlaşıb.

İlk turda “Latsio” “Bolonya”nı 1:0 hesabı ilə məğlub edib, “Cenoa” isə “Napoli”yə 0:2 hesabı ilə uduzub.

Növbəti turda “Latsio” sentyabrın 7-də səfərdə “Udineze” ilə üz-üzə gələcək. “Cenoa” isə sentyabrın 4-də doğma meydanda “Komo”nu qəbul edəcək.

22:39

İtaliya A Seriyasının ikinci turunda “Napoli” doğma meydanda “Komo”ya uduzub.

İdman.Biz xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 17-ci dəqiqədə “Komo”nun yarımmüdafiəçisi Martin Baturina açıb. 30-cu dəqiqədə Rasmus Hoylund tarazlığı bərpa edib.

Lakin cəmi dörd dəqiqə sonra Anastasios Duvikas “Komo”nu yenidən önə keçirib. Qalan dəqiqələrdə “Napoli” hesabı dəyişə bilməyib.

Beləliklə, ilk turda “Cenoa”nı 2:0 hesabı ilə məğlub edən “Napoli” mövsümdə ilk dəfə xal itirib. “Komo” isə ilk qələbəsini qazanıb.

Növbəti turda “Napoli” sentyabrın 5-də səfərdə “İnter”lə, “Komo” isə bir gün əvvəl “Cenoa” ilə qarşılaşacaq.

İdman.Biz