“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı mübarizədən kənarlaşdırdığı oyunun baş hakimi İstvan Kovaç qarşılaşmadan sonra tənqidlərin hədəfinə çevrilib.
İdman.Biz Rumıniyanın “Fanatik” nəşrinə istinadən xəbər verir ki, “Hapoel Beer Şeva”nın futbolçusu Djibril Diop rumıniyalı referini ona göstərdiyi ikinci sarı vərəqəyə görə günahlandırıb.
Seneqallı müdafiəçi bildirib ki, Kovaç əvvəlcə 89-cu dəqiqədə vaxtı ləngitdiyinə görə ona sarı vərəqə göstərib, 100-cü dəqiqədə isə qayda pozuntusundan sonra ikinci sarı vərəqəni verərək meydandan qovub.
Diop iddia edib ki, hakim ikinci sarı vərəqəni göstərməzdən əvvəl onun formasındakı nömrəyə baxıb:
“İlk sarı vərəqə ümumiyyətlə verilməməli idi. Sadəcə meydanın kənarında olan topa zərbə vurdum. İkinci sarı vərəqə zamanı isə hakim əvvəlcə fit çalmadı. Mən ona rəqibə toxunmadığımı dedim, o isə meydanı tərk etməyimi istədi. Daha sonra şortuma baxdı, nömrəmi gördü və "sən 44 nömrəsən" dedi, sonra ikinci sarı vərəqəni göstərdi”.
Diop həmçinin epizodun VAR tərəfindən yoxlanılmasını tələb etdiyini, lakin istəyinin nəzərə alınmadığını bildirib:
“Mən hakimdən VAR-a gedib epizodu yoxlamasını istədim. Mənə elə gəldi ki, VAR-a gedəcək, amma sonda bunu etmədi. Dördüncü hakimdən də epizodun yoxlanılmasını istədim, lakin heç nə baş vermədi”.
Futbolçu daha sonra hakim heyətinin komandasına qarşı qərəzli davrandığını iddia edib:
“Düşünürəm ki, İsrail komandası olmasaydıq, bunu etməzdi. Bizə digər komandadan daha çox sarı vərəqə göstərdi. Məni buraxırsan, sonra nömrəmi gördükdən sonra geri çağırırsan?”
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
