“Qarabağ”dan transfer olunan Kamillo Duranın formasını geyindiyi “Seltic” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə inanılmaz məğlubiyyətlə üzləşib.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, Şotlandiya çempionu LASK-la ilk oyunda 3:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşmasında isə Callum McGregor-un qolu ilə hesabı açaraq ümumi üstünlüyünü dörd topa çatdırıb.
Lakin bundan sonra meydanda gözlənilməz hadisələr baş verib. Avstriya təmsilçisi ardıcıl qollarla fərqi aradan qaldırıb və əsas vaxtın sonlarında hesabı 4:4 edib. Əlavə vaxtda daha bir qol vuran LASK möhtəşəm geridönüşə imza ataraq 5:4 hesablı qələbə qazanıb.
Beləliklə, “Seltic” iki oyunun nəticəsinə əsasən 4:5 hesabı ilə məğlub olaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilməyib. Şotlandiya çempionu son səkkiz ildə turnirin əsas mərhələsinə vəsiqə qazanmaq üçün etdiyi altı cəhdin heç birində uğur əldə etməyib.
Baş məşqçi Martin O’Neill məğlubiyyətdən sonra məsuliyyəti tamamilə üzərinə götürüb. Təcrübəli mütəxəssis bu nəticəni karyerasında “ən ağrılı” məğlubiyyətlərdən biri adlandırıb.
“Məsuliyyət mənim üzərimdədir. Şübhəsiz ki, belədir. Bu, çox məyusedici idi. Biz dörd top üstünlük əldə etmişdik və bu mərhələni keçməli idik”, – deyə O’Neill bildirib.
O, komandanın hələ hazır vəziyyətdə olmadığını da etiraf edib: “Biz mükəmməl komandadan hələ çox uzağıq. Əslində bunu onsuz da bilirdik”.
Məğlubiyyət “Seltic” üçün yalnız idman baxımından deyil, maliyyə baxımından da ciddi zərbə olub. Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilməməyin klubun gəlirlərinə 20 milyon funt-sterlinqdən (46,3 milyon manat) çox təsir göstərə biləcəyi bildirilir.
Qeyd edək ki, “Seltic” mübarizəni Avropa Liqasında davam etdirəcək.
