Almaniyanın “Borussiya” futbol klubunun prezidenti Hans-Yoahim Vatske komandanın yeni mövsümdəki perspektivləri və “Bavariya” ilə rəqabət barədə danışıb.
İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, prezident Dortmund klubunun ötən mövsüm yaxşı nəticə göstərsə də, maliyyə imkanlarındakı böyük fərq səbəbindən çempionluq uğrunda mübarizə aparmaqda çətinlik çəkdiyini bildirib.
“Dürüst olmaq lazımdır. Ötən mövsüm Bundesliqada əla çıxış etdik və 73 xal topladıq. Əvvəllər bu nəticə çempion olmaq üçün kifayət edərdi. Bu gün isə belə deyil, çünki “Bavariya” hər şeydə dominantlıq edir. “Borussiya” olaraq biz bunun yalnız kiçik bir hissəsini dəyişə bilərik. Çünki Almaniyanın iki aparıcı klubu arasında iqtisadi baxımdan böyük uçurum yaranıb. Buna görə də illüziyalara qapılmağa ehtiyac yoxdur: “Bavariya” mütləq favoritdir”, - deyə Hans-Yoahim Vatske söyləyib.
Qeyd edək ki, “Borussiya” ötən mövsüm Bundesliqada 73 xalla ikinci yeri tutub.
