İsraildə “Sabah”ın “Orhus”la oyun ssenarisinin təkrarlamasından ehtiyat edirlər - İDMAN.BİZ-in İCMALI

20 Avqust 2026 16:31
96
İsraildə “Sabah”ın “Orhus”la oyun ssenarisinin təkrarlamasından ehtiyat edirlər - İDMAN.BİZ-in İCMALI

İsrailin Beer-Şeva şəhərinin “Hapoel” klubunun Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raundunun ilk oyununda “Sabah” üzərində 2:1 hesablı qələbəsi İsrail təmsilçisini turnirin əsas mərhələsinə tarixi vəsiqəyə yaxınlaşdırıb. Lakin Buxarestdəki görüşdən sonra İsrail mətbuatında yayılan yazıların tonu duelin taleyinin artıq həll olunduğunu düşünməyə əsas vermir.

İdman.Biz xəbər verir ki, yerli medianın bir neçə aparıcı nümayəndəsi “Hapoel” üçün təhlükəli olan məqama diqqət çəkib: “Sabah”ın hazırkı vəziyyəti əvvəlki mərhələdəki ssenarini demək olar ki, tam təkrarlayır.

Azərbaycan çempionu Çempionlar Liqasının III təsnifat mərhələsində də ilk oyunda 1:2 hesabı ilə məğlub olmuşdu. Valdas Dambrauskasın komandası səfərdə Danimarkanın “Orhus” klubuna uduzsa da, Bakıda cavab görüşündə vəziyyəti tamamilə dəyişərək rəqibini 4:0 hesabı ilə darmadağın etmiş və 5:2-lik ümumi nəticə ilə pley-offa yüksəlmişdi.

“Walla Sport” xüsusilə “Hapoel”lə oyundan sonra bu ssenarini xatırladıb və “Sabah”ın duelin taleyini dəyişmək imkanına inamını davam etdirdiyini vurğulayıb. İsrail nəşri qeyd edir ki, cəmi bir həftə əvvəl eyni vəziyyətə düşən və ardınca rəqibinin qapısına cavabsız 4 qol vuran komanda üçün bir topluq üstünlük heç də rahat nəticə sayıla bilməz.

İsrail tərəfinin 1:2 hesabının ilk oyundan sonra nə qədər təhlükəli ola biləcəyini xatırladan daha ağrılı öz təcrübəsi də var. “Israel Hayom” “Sabah”la oyundan sonra dərhal 2017/18 mövsümündə Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunu yada salıb.

Həmin vaxt “Hapoel” eyni vəziyyətdə idi. Beer-Şeva təmsilçisi ilk oyunda Sloveniyanın “Maribor” klubunu 2:1 hesabı ilə məğlub etmiş və tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə bir addım qalmışdı.

Lakin cavab görüşündə “Maribor” 1:0 hesabı ilə qalib gələrək mərhələni keçmişdi. Doqquz il əvvəl səfər qolu qaydası qüvvədə olduğundan sloveniyalılara bu nəticə kifayət etmişdi. Hazırda isə həmin qayda ləğv edilib və “Sabah”ın Bakıda 1:0 hesablı qələbəsi yalnız oyunu əlavə vaxta daşıyacaq. Buna baxmayaraq, “Hapoel” üçün bu paralel kifayət qədər düşündürücüdür.

İsrail mediasında hazırda iki fərqli yanaşma üstünlük təşkil edir. Bir tərəfdən, “Hapoel” uğursuz başlanğıcdan sonra oyunun gedişatını dəyişib və klub tarixinin ən böyük Avropa uğuruna cəmi 90 dəqiqə qalıb. Digər tərəfdən isə son günlər 1:2 hesabı bir topluq üstünlüyün nə qədər aldadıcı ola biləcəyini artıq iki dəfə göstərib.

“Sabah” üçün nümunə çox yaxındadır: “Orhus”la 1:2 hesablı məğlubiyyət cavab oyununda 4:0 hesablı qələbəyə çevrildi. “Hapoel” üçün isə bu nümunə bir qədər keçmişdədir: 2017-ci ildə “Maribor” üzərində 2:1 hesablı qələbə sonda turnirdən kənarlaşma ilə nəticələnib.

Bu səbəbdən Buxarestdəki oyundan sonra İsrail mətbuatının reaksiyasından çıxan əsas nəticə aydındır: “Hapoel” üstünlük əldə edib, lakin özünü hələ Çempionlar Liqasının əsas mərhələsinin iştirakçısı hesab etmək üçün heç bir əsası yoxdur. Çünki hazırda hər şey bu mövsüm artıq eyni vəziyyətlə üzləşmiş “Sabah”dan asılıdır.

“Sabah” - “Hapoel” arasında cavab qarşılaşması 25 avqustda Bakıda keçiriləcək. Bu duelin qalibi tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.

İdman.Biz