FIFA təşkilatın baş əməliyyat direktoru Kevin Lamurun vəzifəsindən ayrıldığını açıqlayıb.
İdman.Biz “Sky News”a istinadla xəbər verir ki, FIFA-nın ən yüksək vəzifəli rəhbərlərindən biri təşkilatın prezidenti Canni İnfantinonun dünya çempionatındakı payın özəl investorlara satılması planını tənqid etdikdən sonra işdən çıxarılıb.
"FIFA ilə baş əməliyyat direktoru vəzifəsini tutan Kevin Lamur arasında əmək münasibətlərinin 17 avqust 2026-cı ildə başa çatdığını təsdiqləyə bilərik. FIFA Kevinə iki illik fəaliyyətinə görə təşəkkür edir və gələcəkdə ona uğurlar arzulayır", - deyə qurumun bəyanatında bildirilib.
Lamur iyul ayında layihənin hazırlanması prosesini sərt tənqid etmişdi. O bildirmişdi ki, son aylarda sövdələşmənin hazırlanması zamanı İnfantino tərəfindən kifayət qədər açıqlığın təmin edilməməsi səbəbindən FIFA əməkdaşları "yanıldılıblar". Fransalı funksioner həmçinin onların "hörmətsizlik və hədə-qorxudan daha yaxşı münasibətə layiq olduqlarını" vurğulayıb.
"Bu, bir nəfərin layihəsidir. Bu layihə nəinki həyata keçirilməməlidir, həm də artıq futbolun siyasi liderlərinin özlərinə düzgün suallar verməsinin və düzgün qərarlar qəbul etməsinin vaxtıdır", - deyə Lamur bildirib.
Qeyd edək ki, Lamur əvvəllər İnfantinonun ən yaxın ətrafına daxil olub. O, həmçinin 2016-cı ildə FIFA-nın hazırkı prezidentinin seçki kampaniyasında ona kömək edib.
