Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino haqqında yeni qalmaqallı iddialar ortaya çıxıb.
İdman.Biz xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşrinin araşdırmasına görə, İnfantino UEFA-nın baş katibi olduğu dövrdə qurumun aşağı vəzifəli qadın əməkdaşlarından biri ilə şəxsi münasibətdə olmaqda ittiham edilir.
Nəşrin məlumatına görə, həmin əməkdaş bu dövrdə daha yüksək maaşlı vəzifəyə təyin olunub. Sonradan UEFA-dan ayrılarkən ona altırəqəmli məbləğdə ödəniş edildiyi, həmçinin MBA təhsili üçün maliyyə ayrıldığı iddia olunur.
UEFA qadın əməkdaşa işdən ayrılması ilə əlaqədar ödəniş edildiyini və onun təhsil xərclərinin qarşılandığını təsdiqləyib. Avropa futbol qurumu bunun həmin vaxt qüvvədə olan daxili qaydalara uyğun həyata keçirildiyini bildirib.
FIFA isə İnfantino ilə bağlı şəxsi münasibət və vəzifədən sui-istifadə iddialarını qəti şəkildə rədd edib. Qurum ittihamları əsassız və böhtan xarakterli adlandıraraq, İnfantinonun davranışı ilə bağlı hər hansı rəsmi şikayətin olmadığını vurğulayıb.
FIFA, həmçinin son dövrlərdə İnfantino və qurum rəhbərliyinin nüfuzuna zərər vurmağa yönəlmiş koordinasiyalı kampaniyanın aparıldığını hesab etdiyini açıqlayıb.
Qeyd edək ki, Canni İnfantino 2009-2016-cı illərdə UEFA-nın baş katibi vəzifəsində çalışıb. O, 2016-cı ildən FIFA-nın prezidentidir.
