Keçmiş UEFA prezidenti Mişel Platini onun FIFA prezidenti olmaq şansından məhrum edilməsi ilə bağlı açıqlama verib.
İdman.Biz-in məlumatına görə, Platini hesab edir ki, onun hər şeyi dəyişdirəcəyindən qorxanlar, FIFA prezidenti olmasına mane olublar.
“Son 10 il ailəmin yaşadıqlarına görə çox çətin keçdi: qəzetlərin nə yazdığını, insanların sizin haqqınızda nə dediyini, dünyanın nələri müzakirə etdiyini görürlər. Amma mən heç vaxt son qərar barədə narahat olmamışam, çünki günahsız olduğumu bilirdim, bilirdim ki, sonda ittihamlardan heç nə qalmayacaq. Həmişə özümü yaxşı hiss edirdim.
Mənim FIFA prezidenti olmaq şansım yaranmışdı. Bütün bunlar ona görə baş verdi ki, onlar bunu istəmədilər. Qadağa böyük bir ədalətsizlik idi və bütünlükdə siyasi idi. Bir qrup insan məni “öldürmək” qərarına gəldi.
Bu administrasiya, tanımadığım insanlar, başqa bir prezident istəmirdilər. Onları yaxşı yedizdirirdilər, çox pul qazana bilirdilər və mənə ehtiyacları yox idi – onlar hər şeyi dəyişdirəcəyimdən qorxurdular. Onlar məndən qorxurdular”, - “The Guardian” qəzeti Platinidən sitat gətirib.
Fransalı funksioner 2007-ci ildən 2015-ci ilədək - FIFA-nın Etika Komitəsi onu səkkiz il futboldan kənarlaşdırana qədər UEFA prezidenti vəzifəsində çalışıb. Bu qərar Platiniyə qarşı korrupsiya ittihamlarından sonra verilib. 2022-ci ildə Platini İsveçrə məhkəməsi tərəfindən fırıldaqçılıq və idarəetmənin pozulması ittihamlarından bəraət alıb.
