Azərbaycanın “Eurovision 2024”dəki təmsilçisi, müğənni Fahree (Fəxri İsmayılov) İdman.biz-ə eksklüziv açıqlamasında “Real Madrid”in ulduzu Din Heysenin azərbaycanlı Lalə Məmmədova ilə ailə quran qardaşı Daymenin toyu haqda danışıb.
Müğənninin sözlərinə görə, mərasim İspaniyanın Marbelya şəhərində baş tutub.
“Daimen Heysen ulduz qardaşının menecmenti ilə məşğuldur. Ailədə üç qardaşdırlar: Daymen, Din və Doni. Məni gəlin tərəfdən dəvət etmişdilər. Mən toyda aparıcı deyildim. Müğənni kimi çıxış edirdim və Azərbaycan musiqi proqramına cavabdeh idim. Azərbaycan musiqisi və mədəniyyəti Dinin çox xoşuna gəldi - o, milli melodiyalarımızın və ləzginkanın sədaları altında rəqs etməkdən həzz alırdı”.
Sənətçi hazırda ailələr arasında sıx mehriban münasibətlərin qurulduğunu da qeyd edib.
“İndi biz Dini Azərbaycana dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, gəlinin qardaşı, keçmiş futbolçu Emil Məmmədov futbol aləmində Azərbaycanla İspaniya arasında bir növ körpü yaratmaq niyyətindədir. Biz Dini dəvət etmək istəyirik ki, mədəniyyətimiz, ölkəmizlə daha yaxından tanış olsun”, - müğənni əlavə edib.