Ruslan Lunyov: “Qarışıq komandada final görüşü çox gərgin keçdi”

Xəbərlər
9 Oktyabr 2023 15:57
402
Ruslan Lunyov: “Qarışıq komandada final görüşü çox gərgin keçdi”

“Pnevmatik tapançadan atəşaçmada qarışıq komandada final görüşü çox gərgin keçdi. Bir neçə dəfə geri düşsək də, qalib gəlməyi bacardıq. Çətin alındı”.

Bunu İdman.biz saytına atıcılıq üzrə Azərbaycan millisinin lideri Ruslan Lunyov deyib.

Güllə atıcısı Azərbaycan çempionatında çıxışını dəyərləndirib. 3 qızıl medal əldə edən Lunyov bildirib ki, qarışıq komanda yarışından fərqli, 10 m və 25 m məsafədən hədəfi nişanalmada rahat qələbələr qazanıb: “Digər idmançılar 25 m məsafəyə atəşaçmada çox az müddətdir məşq edirlər. Federasiya yaydan etibarən bu növ üçün yeni tapançaları gətirib. Mən isə artıq uzun müddətdir 25 m məsafədə yarışlara çıxıram. Bu səbəbdən də böyük fərqlə qalib gəldim. 10 m məsafədə rəqabət olsa da, burada da asan qələbə qazandığımı düşünürəm”.

Paris-2024 Yay Olimpiya Oyunlarına ilk lisenziya sahibimiz hazırda yaxşı formada olduğunu da vurğulayıb: “Noyabrda Dünya kubokunun əsas mərhələsinə hazırlaşıram. Yanvarda hazırlıqlar daha da artacaq. Çünki Olimpiya Oyunlarına çox az bir vaxt qalıb. Nəticələrim də ildən-ilə qalxır. Bu səbəbdən də hazırlığıma görə Paris-2024-ə ümidlərin böyükdür”.

Emin Ağa

İdman.biz