Avarçəkmə üzrə “Prezident kuboku” 2-ci dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında - FOTO

Xəbərlər
1 Mart 2024 12:24
330
Avarçəkmə üzrə “Prezident kuboku” 2-ci dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında - FOTO

Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2024” beynəlxalq reqatasını 2-ci dəfə rəsmi təqvim planına daxil edib.

İdman.biz xəbər verir ki, assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub.

Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

Təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar 2024-cü il 29 aprel tarixində Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-i Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 2-3 may tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 3-ü yarışların final görüşləri baş tutacaq.

Avropa Kanoe Assosiasiyası “ECA”, həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı haqda məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq. Ertəsi gün komandalar ölkələrinə yola salınacaq.

Qeyd edək ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.

İdman.biz

Məqalədə: