Paris-2024 dünya rekordu ilə başlayıb: Ramazanova da fərqlənib

Xəbərlər
25 İyul 2024 13:48
802
Paris-2024 dünya rekordu ilə başlayıb: Ramazanova da fərqlənib

Paris-2024 Yay Olimpiya Oyunlarında fərdi yarışlara start verilib.

İdman.biz xəbər verir ki, qadınların kamandan oxatma yarışında sıralama turu başa çatıb.

Mərhələ 39-cu yeri tutan Azərbaycan idmançısı Yaylagül Ramazanova üçün əlamətdar olub. O, 720 mümkün xaldan 647 xal toplayıb. İdmançımız bununla da mövsümdə ən yaxşı nəticəsinə imza atıb.

Turnir dünya və olimpiya rekordu ilə də yadda qalıb. Cənubi Koreya təmsilçisi Sihyeo Lim 694 xal toplayıb. Bu, yeni dünya və olimpiya rekordu olub.

Lim həmyerlisi Çaeyanq Kanqın nəticəsini yeniləyib. O, 2019-cu ildə 692 xal toplamaqla rekord vurmuşdu.

Ümumiyyətlə, dünya rekordçusundan başqa, daha 9 idmançı karyerasının ən yaxşı nəticəsinə imza atıb. 8 oxatan isə mövsümdəki rekordunu yeniləyib.

Qeyd edək ki, yarışın 1/32 final mərhələsi iyulun 30-da başlayacaq.

İdman.biz