“Bakıda həqiqətən də böyük rəqabət var idi. Biz idmançılarla eyni sürətlə inkişaf edirik”.
Bunu İdman.biz saytına İBSA-nın paracüdo üzrə idman direktoru Sara Alvarez Bakıda başa çatan Qran-pri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O bildirib ki, 46 ölkədən 198 idmançı iştirak etdiyi yarış möhtəşəm alınıb: “Biz hər tədbirdə daha yaxşı oluruq. Bu gün paracüdo əvvəlkilərdən daha möhkəmdir. O, böyüyür və biz də onunla bərabər böyüyürük”.
Alvarez bundan sonra ən yüksək səviyyəli yarışlar da təşkil edəcəyini deyib: “Biz çox şey öyrənirik. Bu, təkcə təşkilatçılar üçün deyil, həm də idmançılar üçün ədalətli bəyanatdır. Bundan sonra biz aparıcı idmançılar üçün ən yüksək səviyyəli yarışlar keçirəcəyik. Beynəlxalq Cüdo Federasiyasının (IJF) töhfəsi də əvəzsizdir. Biz İJF ilə əl-ələ verərək işləməyə başlayandan sonra hər şey dəyişdi”.
Qeyd edək ki, Alvarez dünya çempionatında gümüş qazanıb, iki dəfə Avropa çempionatının qalibi olub, üç dəfə Olimpiadada çıxış edib.
Zəki Feyzullayev
İdman.biz