“Hazırda Azərbaycan İdman Akademiyasında 50-dən artıq əcnəbi tələbə təhsil alır”.
Bunu Azərbaycan İdman Akademiyasının tədris işləri üzrə prorektoru Ülkər Babayeva deyib.
O bildirib ki, Akademiyanın 2023-2030-cu illəri əhatə edən yeddiillik strateji inkişaf planı mövcuddur və bu planda hər il üçün fərqli hədəflər müəyyənləşdirilib.
“Beynəlmiləlləşmə ən vacib hədəflərimizdəndir və bu istiqamətdə əsas məqsədlərdən biri əcnəbi tələbələrin cəlb olunmasıdır. 2024-2025-ci tədris ilində əvvəlki illərlə müqayisədə daha çox əcnəbi tələbə Akademiyaya qəbul olunub. Yaxın region və Mərkəzi Asiya ölkələri olmaqla yanaşı, Hindistan, Afrika ölkələri və Sinqapurdan da gələn tələbələrimiz var”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Prorektor əcnəbi tələbələrin müraciət etdiyi əsas ixtisasların fizioterapiya, idman menecmenti və məşqçilik olduğunu qeyd edib:
“Məşqçilik ixtisasına müraciət edənlərin bir qismi öz ölkələrində idman fəaliyyəti ilə məşğul olan və idman karyeralarını Azərbaycanda davam etdirmək istəyən şəxslərdir. Fizioterapiya və idman tibbi ixtisaslarını seçən tələbələrin əksəriyyəti isə İrandandır. Onlar öz ölkələrində fizioterapiya üzrə bakalavriat səviyyəsində təhsilin olmamasını əsas gətirərək Akademiyaya müraciət edirlər. Son illərdə əcnəbi tələbələrin sayının az da olsa, artması sevindirici haldır”.
