Cəmi iki il əvvəl yaradılan Azərbaycan Deflimpiya Komitəsi (ADK) daxili yarışlarda öz idmançılarının iştirakını təmin etmək üçün müxtəlif idman növləri üzrə milli federasiyalarla əməkdaşlığı gücləndirməyi planlaşdırır.
Bu barədə İdman.Biz-ə ADK-nın beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asxab Kalayev məlumat verib.
“Bu il idman federasiyalarına müraciət edərək atletlərimizin ölkə çempionatlarında iştirakına icazə verilməsini xahiş etməyi nəzərdə tuturuq. Yəni yaxın vaxtlarda deflimpiyaçıları Azərbaycan çempionatlarında cüdo, güllə atıcılığı, karate, taekvondo və digər idman növlərində görə bilərsiniz. Bu, onsuz da təlim-məşq toplanışları keçirdiyimiz idmançılarımıza beynəlxalq turnirlərdə daha inamlı çıxış etmək üçün lazımi yarış təcrübəsi qazanmağa kömək edəcək. Məsələn, avqust ayında Hannoverdə keçiriləcək Gənclərin Karlar Oyunlarında iştirak etməyi planlaşdırırıq. Bundan əlavə, Bakıda deflimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatının təşkilini də istəyirik. Hazırda yarışın vaxtı və keçiriləcəyi məkan dəqiqləşdirilir. Böyük ehtimalla, çempionat payızda baş tutacaq”, - deyə Asxab Kalayev bildirib.
