Həbib Nurməhəmmədov Makqreqora niyə eyni tərzdə cavab vermədiyini açıqladı

9 Avqust 2026 17:58
154
Həbib Nurməhəmmədov Makqreqora niyə eyni tərzdə cavab vermədiyini açıqladı

UFC-nin sabiq yüngül çəki çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla uzun illər əvvəl yaşadığı gərginlik barədə danışıb.

İdman.Biz xəbər verir ki, UFC Şöhrət Zalının üzvü irlandiyalı döyüşçünün ünvanına eyni səviyyədə təhqiramiz ifadələr işlətmək istəmədiyini bildirib.

“Mən onun səviyyəsinə enib, ona qarşı eyni sözləri işlədə bilərdimmi? Xeyr. Biz belə şeylərdən uzaq durmalı və bundan üstün olmalıyıq. Atan sağdırsa və sən pis bir iş gördükdən sonra evə qayıdırsansa, orada nə müzakirə var, nə də söz azadlığı”, - deyə Nurməhəmmədov “FREAK MMA”ya söyləyib.

Nurməhəmmədovun Makqreqorla qarşıdurması UFC tarixinin ən səs-küylü rəqabətlərindən biri olub. Döyüşə qədər tərəflər arasında uzunmüddətli söz savaşı yaşanıb, qarşıdurma idman çərçivəsindən kənara çıxaraq ailə, din və milli mənsubiyyətlə bağlı sərt ifadələrlə müşayiət olunub.

Tərəflər 6 oktyabr 2018-ci ildə Las-Veqasda keçirilən UFC 229 turnirinin əsas döyüşündə üz-üzə gəliblər. Həbib dördüncü raundda boğucu fəndlə Makqreqoru təslim olmağa məcbur edib və UFC-nin yüngül çəki üzrə çempionluq kəmərini qoruyub.

Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar MMA karyerasını 29 döyüşdə 29 qələbə ilə başa vurub.

İdman.Biz