Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 7 cüdoçusu mübarizəyə qoşulub.
Onlardan Zelim Kotsoyev fəxri kürsüyə yüksəlib. Beləliklə, komandamız yarışı 1 qızıl, 2 bürünc medalla başa vurub.
“Böyük Dəbilqə”
3 dekabr
Kişilər
60 kq
İlk mərhələdən azad olan Balabəy Ağayev 1/16 finalda Ariel Şulmanla (İsrail) güləşib. Qələbə qazanan cüdoçumuz ardınca Tsoqt-Oçir Byambayavu (Monqolustan) da mübarizədən kənarlaşdırıb. Lakin o, 1/4 finalda yaponiyalı Taiki Nakamuraya məğlub olub.
Ağayev təsəlliverici görüşdə Andrea Karlino (İtaliya) ilə qüvvəsini sınayıb və qələbə qazanıb. Balabəy bürünc medal döyüşündə isə Ayub Bliyevə (AİN) uduzaraq 5-ci yeri tutub.
Nizami İmranov Younes Saddiki (Mərkeş) və Ariunbold Anxtaivan (Monqolustan) ilə görüşləri aktivinə yazsa da, 1/8 finalda Von Jin Kimə (Cənubi Koreya) uduzub.
66 kq
Yaşar Nəcəfov startda türkmənistanlı Hekim Agamammedova uduzub.
Kamran Süleymanov isə tacikistanlı Nurali Emomaliyə məğlub olub.
100 kq
Zelim Kotsoyev Nataniel Kive (ABŞ) və Leonardo Qonsalvesə (Braziliya) qalib gələrək, 1/4 finala yüksəlib. O, uğurlu seriyanı davam etdirə bilməyib. Kotsoyev yarımfinala gedən yolda Matvey Kanikovskiyə (AİN) uduzub.
Təsəlliverici qarşılaşmada Şadi Elnahası (Kanada) mübarizədən kənarlaşdıran Kotsoyev bürünc medal görüşündə italiyalı Gennaro Pirelli ilə münasibətinə aydınlıq gətirib. Cüdoçumuz qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
+ 100 kq
Uşanqi Kokauri yarışla 1/8 finalda vidalaşıb. O, Qalimjan Krıkbaya (Qazaxıstan) qalib gəlsə də, Tamerlan Başayevlə (AİN) bacarmayıb.
Ramazan Əhmədov isə ilk görüşündə Yevgeni Balyevskiyə (Ukrayna) məğlub olub.
Qeyd edək ki, yarışın ilk günündə Hidayət Heydərov (73 kq) yarışın qalibi olub. Zelim Tçkayev (81 kq) isə bürünc medala yiyələnib.
İdman.biz