Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, ikinci yarış günündə 3 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qız cüdoçular 57 və 63 kq-da, oğlanlar isə 73 kq-da mübarizə aparıblar. Azərbaycan millisinun üzvləri bu çəki dərəcələrindən 2-də təmsil olunub. Ən yüksək nəticəyə Vüsal Qələndərzadə imza atıb. O, dünya çempionu olub.
Dünya çempionatı
5 oktyabr
Oğlanlar
73 kq
Süleyman Əliyev yarışa 1/32 final mərhələsindən qoşulub. Hindistanlı Maks Laişramla qarşılaşan cüdoçumuz dünya çempionatına qələbə ilə başlayıb. O, ikinci qarşılaşmasında Giorgi Teraşvili (Gürcüstan) üz-üzə gəlib və məğlub olub.
Dünya çempionatında 1/16 finalda debüt edən Vüsal Qələndərzadə ilk görüşünü Fabrizio Espositoya (İtaliya) qarşı keçirib. Cüdoçumuz inamlı qələbə qazanıb. O, ardınca Giorgi Loladze (Gürcüstan) və Eliot Previ (Fransa) də məğlub edərək, yarımfinala yüksəlib. Qələndərzadə bu mərhələdə də uğurlu seriyasını davam etdirib, Adilet Almatdan (Qazaxıstan) üstün olub.
Vüsal finalda amerikalı Cek Yonezuka ilə güləşib və qələbə qazanıb. Bu uğur nəticəsində Vüsal 5 ildən sonra ölkəmizə dünya çempionu titulu qazandırıb.
Qızlar
57 kq
Fidan Əlizadə 1/16 finaldan mübarizəyə başlayıb. O, ilk görüşündə yaponiyalı Riko Hondaya uduzaraq, mundialla vidalaşıb.
Qeyd edək ki, mundialın ilk günündə Azərbaycan millisinin heyətində Nizami İmranov (60 kq) gümüş medal əldə edib.
Emin Ağa
İdman.biz