Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda keçirilən dünya çempionatının finalında fiziki hazırlıqdan deyil, daha çox taktiki səhvlərdən uduzduğunu bildirib.
İdman.Biz xəbər verir ki, yarışdan sonra açıqlama verən millimizin üzvü hazırlıq səviyyəsini və rəqibləri ilə mübarizəsini dəyərləndirib:
“Yaxşı hazırlaşmışdıq, çox məşq etmişdik. Lakin görünür, hələ inkişaf etdiriləsi tərəflərimiz var. Cüdoçular olaraq hamımız bir-birimizi yaxşı tanıyırıq. İllərlə birgə məşq edirik, təlim-məşq toplanışlarında oluruq. Müəyyən dərəcədə daha texnikalı və dözümlü olmuşam. Dözümlülüklə bağlı problemim yox idi, daha çox taktiki baxımdan səhvə yol verdim. Dözümlülük və fiziki hazırlıq ən yüksək səviyyədə idi”.
Kokauri rəqiblərinin qazandığı titulların onun mübarizəyə yanaşmasına təsir etmədiyini vurğulayıb:
“Buna qədər ikiqat olimpiya və ikiqat dünya çempionu çexiyalı Lukaş Krpaleki də məğlub etmişdim. Kiminsə titullu olması mənə psixoloji təzyiq göstərmir. Sərbəst şəkildə qalib gələ də, uduza da bilərsən. Bu, idmandır, belə hallar olur”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sabah başa çatacaq.
