Videotəkrardan sonra qızıl medal: Bakıda DÇ-də altıncı gün – İDMAN.BİZ-in İCMALI

10 Oktyabr 2026 13:34
105
Videotəkrardan sonra qızıl medal: Bakıda DÇ-də altıncı gün – İDMAN.BİZ-in İCMALI

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının altıncı günü bir neçə maraqlı hadisə ilə yadda qalıb. Bəzi qarşılaşmalarda taleyi bir fənd, görüşün son saniyələri və ya hakimlərin qərarını gözləmək həll edib.

İdman.Biz xəbər verir ki, oktyabrın 9-da Milli Gimnastika Arenasında kişilər arasında 100 kq-dan yuxarı deyil, 100 kq-dək, qadınlar arasında isə 78 kq-dək çəki dərəcələrində medallar uğrunda mübarizə aparılıb. Gürcüstan təmsilçisi İlya Sulamanidze və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Yelizaveta Litvinenko dünya çempionu olublar. Azərbaycanın həmin gün yeganə təmsilçisi olan Zelim Kotsoyev isə 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Ev sahibi ölkənin medal ümidi, hakim qalmaqalı və təxribatçı jest

Azərbaycanlı azarkeşlər üçün günün əsas hadisəsi Zelim Kotsoyevin çıxışı olub. Olimpiya çempionumuz ilk iki görüşündə uğur qazanaraq Türkmənistan və Slovakiya təmsilçilərini məğlub edib. Lakin növbəti mərhələdə o, 2023-cü ilin dünya çempionu, Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşıb.

Görüş Azərbaycan tərəfinin etirazına səbəb olan son dərəcə mübahisəli hakim qərarı ilə yekunlaşıb. Əsas vaxtda qalib müəyyənləşməyib, əlavə vaxtda isə bir-birinə bənzəyən iki epizod fərqli qiymətləndirilib.

Əvvəlcə Kotsoyev Azərbaycan tərəfinin fikrincə, yuko qiymətinə layiq olan fənd icra edib, lakin hakimlər bunu qeydə almayıblar. Daha sonra Adamyan oxşar hərəkətə yol verib və onun fəndinə yuko qiyməti verilib. Beləliklə, rusiyalı cüdoçu qalib elan olunub. Kotsoyev və məşqçisi etiraz etsələr də, qərar dəyişməyib. Oxşar epizodların fərqli qiymətləndirilməsi hakimliklə bağlı ciddi suallar yaradıb. Bununla belə, səhv qərar verildiyi rəsmi şəkildə etiraf olunmayıb.

Qalmaqallı görüşün davamı qarşılaşmadan sonra yaşanıb. Adamyan əllərini nümayişkaranə şəkildə qulaqlarına yaxınlaşdıraraq tribunalar istiqamətinə dönüb və sanki tamaşaçılara “Sizi eşitmirəm” demək istəyib. Mübahisəli qələbənin fonunda bu jest açıq-aşkar təxribatçı təsir bağışlayıb. Rəqibinin davranışı Kotsoyevin də narazılığına səbəb olub.

Lakin Kotsoyevi məğlub edən cüdoçu özü də fəxri kürsüyə yüksələ bilməyib. Yarımfinala vəsiqə qazanan Adamyan yaponiyalı Dota Arai ilə qarşılaşmada uduzub, daha sonra isə bürünc medal uğrunda görüşdə həmyerlisi Niyaz Bilalova məğlub olub.

Videotəkrar qızıl medalın taleyini dəyişdi

Kişilərin finalında da hakim qərarı diqqət mərkəzinə düşüb. İlya Sulamanidze və Dota Arai əlavə vaxta qədər mübarizə aparıblar. Həlledici epizod əvvəlcə yaponiyalı cüdoçunun uğurlu hücumu kimi görünüb.
Lakin videotəkrar fərqli mənzərə ortaya çıxarıb. Fəndin son mərhələsində rəqibinə nəzarəti ələ alan gürcüstanlı cüdoçu Araiyi yan tərəfi üzərinə yıxıb. Nəticədə yuko qiyməti Sulamanidzeyə verilib və o, böyüklər arasında dünya çempionatında karyerasının ilk qızıl medalını qazanıb.

Paris Olimpiadasının gümüş mükafatçısı üçün bu, çoxdan gözlədiyi zirvəyə yüksəliş olub. Avropa Cüdo Birliyinin məlumatına görə, Sulamanidze finala qədər rəqiblərinə heç bir xal qazandırmayıb. Bununla yanaşı, həlledici görüşə gedən yolda o, dünya reytinqinin lideri Cennaro Pirellini də dayandırmalı olub. İtaliyalı cüdoçu bundan əvvəlki dörd turnirdə qalib gəlmiş və Paris Olimpiadasından bəri məğlub olmamışdı.

Qələbədən sonra Sulamanidze uğurunu cüdoya və insanlara olan sevgisi ilə əlaqələndirib. Növbəti məqsədini isə konkret şəkildə açıqlayıb: Los-Anceles Olimpiadasında qızıl medal qazanmaq.

Çempiondan qazandığı titulu səciyyələndirmək istənildikdə isə qeyri-adi cavab gəlib. O, “Supercalifragilisticexpialidocious” kimi uzun və nağılvari bir söz işlədib. Görünür, yaşadığı hissləri adi sözlərlə ifadə etmək kifayət etməyib.

BƏƏ tarixinin yazılmasında iki fransalı cüdoçunun rolu

Yelizaveta Litvinenko qadınlar arasında turniri Birləşmiş Ərəb Əmirlikləri üçün tarixi hadisəyə çevirib. Həmin günə qədər ölkənin böyüklər arasında cüdo üzrə dünya çempionatlarında qızıl medalı yox idi.

Litvinenko titul uğrunda mübarizə yolunda Fransa yığmasının iki üzvünü məğlub edib. O, 1/8 finalda təcrübəli Odri Çemeonu mübarizədən kənarlaşdırıb, finalda isə Kayla İssufi ilə qarşılaşıb. Bu iki qələbə arasında portuqaliyalı Patrisiya Sampaiyo üzərində yarımfinal qələbəsi də olub.

Finalda Litvinenko iki uğurlu fəndlə qələbəni təmin edib. Əvvəlcə rəqibinin hücumundan yararlanaraq vaza-ari qazanıb, daha sonra isə növbəti fəndlə qarşılaşmanı vaxtından əvvəl başa vurub. Tarixi qələbədən sonra yeni çempion üzünü əlləri ilə örtüb. Görünür, qazandığı uğurun əhəmiyyətini dərk etmək üçün ona bir qədər vaxt lazım olub.

Bu axşamı xüsusi edən məqamlardan biri də ailəsinin tribunada olması idi. Litvinenko Beynəlxalq Cüdo Federasiyasına (IJF) müsahibəsində yaxınlarının və komandasının dəstəyini vurğulayıb. Onun sözlərinə görə, bu dəstək turniri uğurla başa vurmasına kömək edib.

Əsas tatamidə qeyri-adi iştirakçılar

Çempionatın altıncı günü medallar uğrunda mübarizə ilə əlaqəsi olmayan başqa bir hadisə ilə də yadda qalıb. Milli Gimnastika Arenasının mərkəzi tatamisində Daun sindromlu yeniyetmə cüdoçular adaptiv cüdo üzrə nümunəvi məşq keçiriblər.

Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə, nümayiş dünya çempionatının tamaşaçıları qarşısında baş tutub və turnirin ən emosional anlarından birinə çevrilib. Gənc idmançılar öyrəndikləri fəndləri nümayiş etdirib, tamaşaçılar isə onları alqışlarla qarşılayıblar.

Diqqətçəkən məqam odur ki, bu proqramın bəzi iştirakçıları cəmi bir neçə gün əvvəl Sarayevoda cüdo üzrə Xüsusi Olimpiadanın beynəlxalq turnirində çıxış edərək ilk beynəlxalq yarış təcrübələrini qazanıblar.
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo layihəsinə 2024-cü ildə start verib. Bu müddət ərzində ölkədə artıq iki xüsusi turnir təşkil olunub. Ev sahibi olduğumuz dünya çempionatında keçirilən nümayiş isə təşəbbüsün inkişafında yeni mərhələ olub.

Beş medal və yenilənən sıralama

Azərbaycan yığması dünya çempionatının altıncı gününü əvvəlki medal ehtiyatı ilə başa vurub: bir qızıl, bir gümüş və üç bürünc medal.

Xatırladaq ki, millinin heyətində Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.
Bununla belə, ümumi sıralamada Azərbaycan üçüncü pillədən dördüncü yerə geriləyib. Gürcüstanın ikinci qızıl medalı bu ölkəyə Azərbaycanı və İspaniyanı qabaqlamağa imkan verib.

Yaponiya yeddi qızıl, iki gümüş və üç bürünc medal olmaqla, ümumilikdə 12 mükafatla liderliyini inamla qoruyub. İkinci pilləyə iki qızıl, bir gümüş və bir bürünc medal qazanan Gürcüstan yüksəlib. Bir qızıl, iki gümüş və bir bürünc medalı olan İspaniya üçüncü yerdə qərarlaşıb.

Azərbaycan dördüncü pillədə yer alıb. İlk beşliyi isə bir qızıl və bir gümüş medal qazanan Birləşmiş Ərəb Əmirlikləri tamamlayıb.

Bununla belə, Azərbaycan üçün rekord sayda medal əldə etmək imkanları hələ qalır. Oktyabrın 10-da 100 kq-dan yuxarı çəki dərəcəsində Uşangi Kokauri, Kənan Nəsibov və Camal Həmzətxanov, qadınların 78 kq-dan yuxarı çəki dərəcəsində isə Mədinə Qaysinova mübarizəyə qoşulublar. Şəxsi yarışlar başa çatdıqdan sonra oktyabrın 11-də dünya çempionatına qarışıq komandaların yarışı ilə yekun vurulacaq.

İdman.Biz