Azərbaycanın kişi cüdo yığması böyüklər arasında bir dünya çempionatında qazandığı medalların sayına görə yeni milli rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, Bakıda keçirilən dünya çempionatının dörd yarış gününün yekunlarına əsasən, Azərbaycan cüdoçuları 4 medal - 1 qızıl, 1 gümüş və 2 bürünc mükafata sahib çıxıblar.
Xatırladaq ki, 60 kq çəki dərəcəsində dünya çempionu Əhməd Yusifov olub. 81 kq-da Zelim Tçkayev gümüş medal qazanıb, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.
Beləliklə, Azərbaycanın kişi yığması tarixdə ilk dəfə böyüklər arasında dünya çempionatında dörd medal qazanıb. Medalların ümumi sayına görə isə Azərbaycan cüdoçuları artıq 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatının nəticəsini təkrarlayıblar. Lakin həmin vaxt medalların 3-ü kişi, biri isə qadınlar arasında qazanılmışdı. Gümüş medallara Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) sahib çıxmış, Elmar Qasımov (100 kq) bürünc medal qazanmışdı. Daha bir bürünc medalı İrina Kindzerska (+78 kq) əldə etmişdi.
Qeyd edək ki, Azərbaycan hazırkı dünya çempionatında medalların keyfiyyətinə görə də 2017-ci ilin nəticəsini artıq üstələyib. 9 il əvvəl yığma 2 gümüş və 2 bürünc medal qazanaraq qızıl medalsız qalmışdısa, hazırda komandamızın aktivində 1 qızıl, 1 gümüş və 2 bürünc medal var.
2017-ci ilin kişi yarışlarında medalların sayına görə nəticə 2025-ci ildə, həmçinin Budapeştdə keçirilən dünya çempionatında təkrarlanıb. Həmin vaxt Zelim Tçkayev (81 kq), Eldəniz Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) 3 bürünc medal qazanıblar. Qadınların yarışında isə Azərbaycan təmsilçiləri medalsız qalıblar.
Hazırkı nəticənin xüsusilə 2018-ci ildə Bakıda keçirilmiş əvvəlki dünya çempionatı ilə müqayisəsi diqqət çəkir.
Səkkiz il əvvəl Azərbaycan cüdoçuları doğma meydanda keçirilən dünya çempionatını iki medalla başa vurmuşdular. Uşanqi Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş, Hidayət Heydərov isə 73 kq-da bürünc medal qazanmışdı. Azərbaycan yekun medal sıralamasında 11-ci yeri tutmuşdu.
İndi isə yığma səkkiz il əvvəl doğma meydanda keçirilən dünya çempionatındakı göstəricini artıq ikiqat üstələyib. Üstəlik, fərdi yarışların başa çatmasına hələ 3 gün qalır.
Yeri gəlmişkən, Azərbaycanın bir dünya çempionatında qazandığı qızıl medalların sayına görə rekord hələ 2024-cü ilin yığmasına məxsusdur. Həmin vaxt Əbu-Dabidə keçirilən dünya çempionatında Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya çempionu olublar. İki qızıl medal sayəsində Azərbaycan medal sıralamasında 4-cü yeri tutub.
Qeyd edək ki, Bakıda keçirilən hazırkı dünya çempionatının dördüncü yarış gününün yekunlarına əsasən, Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 2 bürünc medalla medal sıralamasında 2-ci yerdədir. Yaponiya 8 medalla (6 qızıl, 2 bürünc) liderdir. Gürcüstan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 3-cü, İspaniya 2 gümüş və 1 bürünclə 4-cü, İtaliya isə 1 gümüş və 1 bürünclə 5-ci pillədə qərarlaşıb.
Beləliklə, Bakıda keçirilən hazırkı dünya çempionatı artıq kişi yığması üçün qazanılan medalların sayına görə rekord yarış olub və Azərbaycanın ümumi göstərici üzrə ən yaxşı nəticəsini təkrarlayıb. Bununla yanaşı, milli komandanın tarixi nəticəni daha da yaxşılaşdırmaq şansı qalır. Çünki yarışlar oktyabrın 11-dək davam edəcək.
