“Mən çox dünya çempionatlarında və beynəlxalq yarışlarda olmuşam. Açıq deyim, Bakıda keçirilən bu dünya çempionatı ən yüksək səviyyədə təşkil olunub. Gördüyüm ən yaxşı dünya çempionatlarından biridir. Təşkilatçılıq çox yüksək səviyyədədir və bu, həqiqətən də xüsusi qeyd olunmalıdır”.
Bu sözləri Avropa Cüdo Birliyinin (EJU) idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov Bakıda keçirilən cüdo üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.
O, 73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu Hidayət Heydərovun 1/8 finalda 3 “şido” (cərimə) alaraq turniri medalsız başa vurmasına münasibət bildirib.
“Bu idmandır, cüdodur və burada hər şey ola bilər. Bir məğlubiyyət onun böyük idmançı olması reallığını dəyişmir. Hidayət Olimpiya, dünya və Avropa çempionudur. Mən ona tezliklə yenidən güclü şəkildə qayıtmağı arzulayıram. Əminəm ki, yenidən öz səviyyəsini göstərəcək və kim olduğunu bir daha sübut edəcək”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Veteran cüdoçu Əhməd Yusifovun dünya çempionu olmasını isə sürpriz hesab etmədiyini söyləyib:
“Bəli, başqa favoritlər də var idi, amma Əhməd də dünya reytinqində ilk beşlikdə olan idmançıdır. Ona görə də bu nəticəni təsadüf və ya sadəcə şans kimi qiymətləndirmək düzgün olmaz. O, buna layiq idi. Qızıl medal gözləntisinə gəlincə, səmimi desəm, bizim bütün idmançılarımız hazır görünür. Hər birindən medal gözləmək olar. Ona görə konkret ad çəkmək istəməzdim, amma komandamızdan yaxşı nəticələr gözləyirəm”.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində iki medal var. Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.
