Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifov ötən gün Prezident İlham Əliyevlə baş tutan görüşü barədə paylaşım edib.
İdman.Biz xəbər verir ki, o, “Instagram” hesabında bu sözləri yazıb:

“Cənab Prezident, məni qəbul etdiyiniz, dünya çempionluğum münasibətilə təbrik etdiyiniz və dəyərli sözlərinizlə mənə əlavə ruh verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.
Doğma Bakıda, öz azarkeşlərimizin qarşısında Azərbaycanın bayrağını yüksəltmək və dünya çempionu olmaq mənim üçün böyük qürurdur. Bu uğur həm də ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və dəstəyin nəticəsidir.
Etimadınızı doğrultmaq, qarşıdakı yarışlarda da Azərbaycanı layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Diqqətiniz və dəstəyiniz üçün bir daha təşəkkür edirəm, cənab Prezident!”
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
