Oktyabrın 4-dən 11-dək Bakıda keçirilən cüdo üzrə dünya çempionatı artıq bir çox gözlənilməz hadisə və maraqlı insan hekayələri ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, xüsusilə Yaponiya ulduzlarının dramatik görüşləri, ispan idmançıların nailiyyətləri və bəzi iştirakçıların çıxışlarını müşayiət edən qeyri-adi hallar diqqət çəkir.
Çempionu xilas edən dörd saniyə
Ən dramatik epizodlardan biri 52 kq çəki dərəcəsində yaponiyalı Uta Abe ilə almaniyalı Maşa Ballhauz arasındakı 1/4 final görüşündə yaşanıb.
Almaniyalı cüdoçu uğurlu fənd tətbiq edərək “vaza-ari” qiymətləndirməsi alıb. Beşqat dünya çempionunun sensasiyalı məğlubiyyətinə cəmi bir neçə saniyə qalırdı. Lakin əsas vaxtın başa çatmasına dörd saniyə qalmış Ballhauz üçüncü xəbərdarlığı alıb və diskvalifikasiya edilib.
Abe mübarizəni davam etdirərək sonda dünya çempionatlarında altıncı qızıl medalını qazanıb. Üstəlik, ispan Ariane Toro Solerlə final görüşü də rəqibin üçüncü xəbərdarlıq alması səbəbindən başa çatıb. Bu dəfə isə hadisə əlavə vaxtda baş verib.
Maraqlıdır ki, həmin gün Uta Abeyə böyük qardaşı Hifumi Abe də qoşulub. O, 66 kq çəki dərəcəsində qalib gələrək beşinci dünya çempionluğunu qazanıb. Beləliklə, yaponiyalı bacı-qardaş 2018-ci ildə Bakıda gerçəkləşdirdikləri qızıl dubla təkrarlayıblar.
Hazırlıq üçün yeddi gün və əfsanə ilə görüş
Fransanın “L'Équipe” nəşri dünya çempionatının başlamasına cəmi yeddi gün qalmış Fransa millisinin əsas heyətinə daxil edildiyini öyrənən 20 yaşlı Kelvin Reyin qeyri-adi çıxışından yazıb.
Gənc cüdoçu zədələnən Valid Xyarı əvəzləyərək böyüklər arasında dünya çempionatında ilk dəfə çıxış etmək imkanı qazanıb.
Hazırlıq üçün çox az vaxtının olmasına baxmayaraq, Rey ikiqat olimpiya çempionu Hifumi Abe ilə ciddi mübarizə aparıb. Görüş altı dəqiqədən çox davam edib və fransalı cüdoçu yaponiyalı ulduza yalnız əlavə vaxtda məğlub olub.
Görüşdən sonra Rey tanınmış rəqibindən heç qorxmadığını etiraf edib.
“Püşkatmanın nəticələrini görəndə qorxmadım. Əksinə, hətta sevindim. Baxmayaraq ki, onunla finalda qarşılaşmağa üstünlük verərdim. Mən heç kimdən qorxmuram”, – fransalı bildirib.
İki olimpiyaçının qızı Yaponiya əfsanəsinə qarşı
52 kq çəki dərəcəsində gümüş medal qazanan ispaniyalı Ariane Toro Solerin çıxışı da xüsusi maraq doğurub.
23 yaşlı idmançı peşəkar cüdoçular ailəsində böyüyüb. Onun anası Yolanda Soler 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarının bürünc medalını qazanıb, atası Xose Toro isə həmin Oyunlarda iştirak edib. Hazırda onların hər ikisi məşqçi kimi çalışır.
Ariane Bakıda ilk dəfə dünya çempionatının finalına yüksəlib və burada Uta Abe ilə qarşılaşıb. Məğlub olmasına baxmayaraq, o, karyerasının ən böyük uğuruna imza atıb.
Maraqlıdır ki, həmin gün ispaniyalı David Qarsia Torne də 66 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, finalda Hifumi Abeyə uduzub. Bundan əvvəl idmançı dizindən altı zədə keçirib, Bakıdakı turnirdən əvvəl isə dirsəyindəki zədə səbəbindən tam gücü ilə məşq edə bilməyib. Beləliklə, Abe ailəsinin hər iki yaponiyalı nümayəndəsi finalda ispaniyalı rəqiblərinə qalib gəlib.
Kubadan qaçışdan dünya çempionatının medalına qədər
Digər ispaniyalı cüdoçu – 52 kq çəki dərəcəsində bürünc medal qazanan Ayumi Leyva Sançeslə bağlı hekayə də az təsirli deyil.
Havana şəhərində anadan olan idmançı 2022-ci ilin avqustunda Kuba nümayəndə heyətinin Kolumbiyadakı yarışa səfərindən istifadə edərək Madridə uçuş zamanı tranzit məntəqəsində sığınacaq istəyib.
Qız ilk üç ay Qırmızı Xaçın binasında yaşayıb. Daha sonra Valensiyaya köçərək keçmiş cüdoçular Suqoy Uriarte və Laura Qomezin rəhbərliyi altında karyerasını davam etdirib. 2023-cü ildə Leyva İspaniya vətəndaşlığı alıb. İndi isə Kubadan ayrılmasından dörd il sonra o, Bakıda keçirilən dünya çempionatının podiumuna yüksəlib.
İki aylıq qızı üçün medal
Gürcüstanlı cüdoçu Giorgi Sardalaşvili 60 kq çəki dərəcəsində qazandığı bürünc medaldan sonra duyğusal hekayəsini bölüşüb.
23 yaşlı idmançı övladı dünyaya gəldikdən sonra ilk dəfə beynəlxalq turnirdə iştirak edib. Beynəlxalq Cüdo Federasiyasının (IJF) mətbuat xidmətinə müsahibəsində o, iki ay əvvəl ata olduğunu və qazandığı medalı balaca qızına həsr etdiyini bildirib.
Yeddi əməliyyat, süni intellektlə iş və milliyə dəvət
Fransanın “L'Équipe” nəşri daha bir qeyri-adi hekayədən yazıb. Dizlərindən yeddi əməliyyat keçirən cüdoçu Aleksa Mitroviç Bakıda keçiriləcək dünya çempionatı üçün milliyə gözlənilmədən dəvət alarkən Nitsada yerləşən logistika şirkətində daimi əmək müqaviləsi imzalamağa hazırlaşırmış.
Maraqlıdır ki, 24 yaşlı fransalı idman karyerası ilə paralel olaraq süni intellekt və biznes proseslərinin avtomatlaşdırılması sahəsində layihələr üzərində də çalışır. İdmançının sözlərinə görə, bundan bir neçə gün əvvəl o, böyük turnirə gözlənilməz dəvət alması ilə bağlı yuxu da görüb.
Mübarizə əvəzinə piano və rəsm
Milli Gimnastika Arenasında da qeyri-adi yenilik tətbiq olunub. IJF ilk dəfə dünya çempionatında iştirakçıların psixoloji baxımdan rahatlaması üçün “Mind Dojo” adlı xüsusi məkan yaradıb.
Burada cüdoçular, məşqçilər və hakimlər yarış gərginliyindən uzaqlaşa, rəsm çəkə, piano çala və müxtəlif rahatlama üsullarından istifadə edə bilərlər. Ehtiyac yarandıqda mütəxəssis məsləhəti də almaq mümkündür. IJF-nin məlumatına görə, yarışların ilk günündə bu otağı təxminən 60 nəfər ziyarət edib.
Daha bir qeyri-adi məqam isə açılış mərasimində məşhur italiyalı müğənni Al Banonun çıxışı olub. Sənətçi dünya şöhrətli “Felicità” mahnısı da daxil olmaqla bir neçə əsər ifa edib.
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-də qarışıq komanda yarışı ilə başa çatacaq. Azərbaycan millisinin hesabında isə hələlik bir qızıl medal var. Yarışın ilk günündə 60 kq çəki dərəcəsində Əhməd Yusifov dünya çempionu olub.
