Fransa Azərbaycanın cüdo üzrə dünya çempionatında geniş heyətlə iştirakından narazıdır - İDMAN.BİZ-in İCMALI

6 Oktyabr 2026 12:18
170
Fransa Azərbaycanın cüdo üzrə dünya çempionatında geniş heyətlə iştirakından narazıdır - İDMAN.BİZ-in İCMALI

Fransanın kütləvi informasiya vasitələrində ölkəmizdə keçirilən cüdo üzrə Dünya çempionatında Azərbaycanın qanuni hüququndan istifadə edərək yarışda geniş heyətlə iştirak etməsi narazılıqla qarşılanıb.

İdman.Biz xəbər verir ki, narazılığa səbəb fərdi yarışda Azərbaycanın 17 kişi cüdoçusunun iştirak etməsidir.

Xüsusilə “L'Équipe” nəşri “2026-cı il dünya çempionatına ev sahibliyi edən Azərbaycan digər ölkələrdən daha çox cüdoçu ilə təmsil oluna bilər” başlıqlı material dərc edib. Nəşr ev sahibi ölkəyə verilən bu imkanı “mübahisələr doğuran üstünlük” adlandırıb.

Fransanın ixtisaslaşmış “L'Esprit du Judo” nəşri isə daha əvvəl məsələni daha sərt formada gündəmə gətirib və materialını “17-lik qalmaqal” adlandırıb. Müəlliflər hesab edirlər ki, Azərbaycanın bir sıra çəki dərəcələrində üç cüdoçu ilə təmsil olunması ev sahibi ölkəyə digər yığmalar qarşısında üstünlük verir.

Lakin vacib məqam ondan ibarətdir ki, Azərbaycan reqlamentin heç bir bəndini pozmayıb və ölkə üçün xüsusi yaradılmış hər hansı istisnadan yararlanmayıb. Böyüklər arasında dünya çempionatının ev sahibi ölkəsinə əlavə “wild card”ların verilməsi imkanı Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən hələ 2025-ci ildə tətbiq edilib.

IJF-nin İdman və təşkilati reqlamentinin 4.4-cü maddəsinə əsasən, standart kvota bir milli federasiyadan maksimum 9 kişi və 9 qadın cüdoçunun iştirakını və bir çəki dərəcəsində ikidən çox idmançının olmamasını nəzərdə tutur. Bununla yanaşı, dünya çempionatının təşkilatçıları əlavə yerli və ya regional idmançıların “wild card” alması üçün namizədliklərini irəli sürmək hüququna malikdirlər. Bu yerlər milli federasiyanın əsas kvotasına daxil edilmir və hər belə müraciət IJF-nin idman rəhbərliyi tərəfindən təsdiqlənməlidir.

Vəziyyətə IJF-nin baş idman direktoru Vladimir Barta da diqqət çəkib. O vurğulayıb ki, bu sistem bir neçə ildir yeniyetmələr və kadetlər arasında dünya çempionatlarında tətbiq olunur, böyüklər üzrə dünya çempionatı üçün isə 2025-ci ildə tətbiq edilib. Onun sözlərinə görə, əlavə iştirak yerləri avtomatik verilmir – namizədləri yerli təşkilat komitəsi irəli sürür, daha sonra isə onlar IJF tərəfindən təsdiqlənir.

Barta daha bir vacib məqamı dəqiqləşdirib: ev sahibi ölkənin genişləndirilmiş heyətlə iştirakına baxmayaraq, IJF dünya reytinqində nəticələr hesablanarkən təşkilatçı ölkənin yalnız 9 kişi və 9 qadın cüdoçusunun nəticələri nəzərə alınır.

Beləliklə, Azərbaycan reqlamentdə nəzərdə tutulan mexanizmdən istifadə edərək 8 kişi və 1 qadın cüdoçu üçün əlavə iştirak yeri əldə edib. Bütün bu müraciətlər müəyyən edilmiş qaydada IJF ilə razılaşdırılıb.

Yuxarıda qeyd edildiyi kimi, belə praktika ilk dəfə tətbiq olunmur. 2025-ci ildə Budapeştdə keçirilən dünya çempionatında yarışların ev sahibi Macarıstan da yeni qaydadan yararlanıb. IJF-nin rəsmi məlumatına əsasən, həmin vaxt Macarıstan komandasının heyətində 11 kişi və 10 qadın olmaqla, ümumilikdə 21 cüdoçu yer alıb. Bu da standart kvotanı aşırdı.

Maraqlıdır ki, hazırda Azərbaycanın genişləndirilmiş heyətini sərt şəkildə tənqid edən “L'Esprit du Judo” özü də etiraf edir: bir il əvvəl tətbiq edilən yeni qayda həmin vaxt demək olar ki, diqqətdən kənarda qalmışdı. Macarıstanın əlavə kvotadan istifadəsi ətrafında ciddi rezonans yaranmamışdı.

Beləliklə, Azərbaycanın ünvanına səslənən iradlar ən azı qəribə görünür. Azərbaycan millisi məhz Bakı üçün xüsusi olaraq verilmiş istisnadan deyil, Beynəlxalq Cüdo Federasiyasının əvvəlcədən tətbiq etdiyi və artıq əvvəlki dünya çempionatında da istifadə olunmuş rəsmi mexanizmdən yararlanıb.

Əgər əlavə “wild card” prinsipinin özü suallar doğurursa, bu suallar IJF-nin reqlamentinə ünvanlanmalıdır. Azərbaycan isə dünya çempionatını keçirmək hüququ əldə etdikdən sonra Beynəlxalq Cüdo Federasiyasının yarışın ev sahibi ölkəsinə verdiyi imkanlardan qüvvədə olan qaydalara tam uyğun şəkildə istifadə edib.

İdman.Biz