Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci yarış gününün yekunlarına əsasən, Azərbaycan yığması medal sıralamasında ikinci pillədə qərarlaşıb.
İdman.Biz xəbər verir ki, milli komandamızın aktivində bir qızıl medal var. 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov yarışın ilk günündə dünya çempionu olub.
Yusifovun qazandığı qızıl medal Azərbaycanı ümumi medal sıralamasında liderlər qrupunda saxlayıb.
Sıralamaya Yaponiya yığması başçılıq edir. Yaponiya təmsilçiləri iki gün ərzində 3 qızıl və 2 bürünc olmaqla, ümumilikdə 5 medal qazanıblar.
Bir qızıl medala sahib Azərbaycan ikinci pillədə yer alıb. İki yarış gününün yekunlarına görə, dünya çempionatında 9 ölkənin nümayəndələri medal qazanıblar.
Cüdo üzrə dünya çempionatı Bakıda Milli Gimnastika Arenasında keçirilir və oktyabrın 11-də başa çatacaq.
