Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edib.
İdman.Biz xəbər verir ki, Vizer Azərbaycanın idmana və beynəlxalq yarışlara göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
“Azərbaycana - təşəbbüslərin, enerjinin, yeni texnologiyaların və davamlı inkişafın, eləcə də idman, mədəniyyət və ənənələr diyarına xoş gəlmisiniz. Bütün idman növlərinə və tədbirlərinə, xüsusən bu dünya çempionatına göstərdiyi davamlı və dəyərli dəstəyə görə Azərbaycan hökumətinə dərin təşəkkürümü bildirmək istəyirəm.
Son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik edirəm. Bütün Olimpiya ailəsini əldə olunan böyük uğurlara və yüksək səviyyəli tədbirlərin təşkilinə görə təbrik edirəm.
Qoy, cüdo bu gün ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun. Bütün qonaqlarımıza, azarkeşlərimizə, cüdo ailəsinə və idman ailəsinə minnətdaram”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) dünya çempionu olub.
