Mehmet Yılmaz: "Rüstəm Orucov və Orxan Səfərov Akademiyada təhsil ala bilərlər"

Xəbərlər
23 Yanvar 2024 12:35
676
Mehmet Yılmaz: "Rüstəm Orucov və Orxan Səfərov Akademiyada təhsil ala bilərlər"

“Azərbaycan Cüdo Federasiyasının ilk dəfə olaraq dan dərəcələrinin verilməsi ilə bağlı keçirdiyi seminara mühazirəçi kimi dəvəti məmnuniyyətlə müsbət cavablandırdım”.

İdman.biz xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə Cüdo Federasiyasının təhsil direktoru, Avropa Cüdo İttifaqının Kata Komissiyasının üzvü Mehmet Yılmaz deyib.

Cüdo fəlsəfəsini və onun texnikasını bilməyin əsas məqamlardan biri olduğunu deyən Yılmaz vurğulayıb ki, bundan əvvəl kəmərlərin verilməsi ilə bağlı kurslar da keçirib. Onun sözlərinə görə, indiki seminarda 60-a yaxın təlimçi iştirak edir: “Hazırda kodokanda istifadə olunan texnikaları təkmilləşdirərək nəzəriyyə və təcrübə üzərində işləyirik. Dan imtahanlarından uğurla keçmək gələcəkdə məşqçilərə kömək edəcək. Onlar daha sonra Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında kurs keçə bilərlər. Seminarımızda onlar baza biliklərini təkmilləşdirəcəklər, sonra Akademiyada bunu daha da inkişaf etdirə bilərlər”.

O bildirib ki, karyeralarını yenicə başa vurmuş bəzi məşqçilər üçün imtahanlar daha asan keçir: “Məsələn, karyerasını başa vurmuş Rüstəm Orucov və Orxan Səfərov Akademiyada təhsil ala bilərlər. Qarşıda Azərbaycan Cüdo Federasiyası ilə birgə həyata keçirəcəyimiz bir çox layihələrimiz var”.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: