Məmməd Məmmədov artıq 10 ildən çoxdur ki, cüdoçuları məşq etdirir. O, bu idman növünün görünməyən tərəflərini və idman pedaqogikasının əsaslarını çox yaxşı bilir. Məmmədov bütün yaş kateqoriyaları ilə çalışsa da, əsas diqqəti uşaqlara yönəldir.
İdman.Biz-ə müsahibəsində o bildirib ki, kiçik yaş qrupları ilə işləmək ağır zəhmət tələb edir və bir uşaqdan peşəkar idmançı yetişdirmək üçün azı 6–7 il vaxt lazımdır.

"Uşaqlarla işdə əsas problem onları intizama alışdırmaqdır. Məktəb məsələsi də var. Müasir cüdo gündə 4–5 saatlıq məşqlər tələb edir və belə bir yüklənmə şəraitində istəsən də, istəməsən də, bəzən təhsil və idman arasında seçim etməli olursan. Bizim təhsil sistemində isə bu cür şərait yoxdur", – deyə məşqçi qeyd edib.
Məmmədov istedadlı uşaqlar uğrunda mübarizə apardığını, onların valideynlərini övladlarına idman karyerasına fokuslanmaq imkanı verməyə inandırdığını bildirib:
"İstedadlı idmançı idmana münasibəti, xarakterinin dözümlülüyü və məşqçini birinci dəfədən başa düşməsi ilə fərqlənir. Belə uşaqlar yüzdə bir olur. Bununla yanaşı, istedadlılar çox vaxt tənbəl olurlar, xüsusi qabiliyyəti olmayan, lakin idmana fanatik yanaşan uşaqlar isə zəhmət hesabına istedadlılarla eyni səviyyəyə çata bilirlər".

Məşqçi regionlardan olan uşaqları ayrıca vurğulayıb: "Ən qabiliyyətli uşaqlar regionlardandır. Onlarla işləmək daha asandır. Əgər sən belə bir uşağı məşq etdirirsənsə, deməli artıq 3–4 il qabaqdasan".
Məmməd Məmmədov uşaqlarla işləyərkən nəticələrlə onlara təzyiq göstərməyin vacib olmadığını da diqqətə çatdırıb: "Yeniyetmə yaşında o, bütün çempionatları udmağa borclu deyil. Biz bunu gözləmirik. İnkişaf mərhələli olmalıdır, əks halda uşaq idmandan tez yorularaq onu tərk edəcək".
Gənc cüdoçular da cüdonun onların həyatında tutduğu yer barədə İdman.Biz-lə fikirlərini bölüşüblər. "Əsəbiləşəndə məşqə gəlirəm və özümü daha rahat hiss edirəm. Bu yolla daxili narahatlıqlarımı buraxıram", – deyə 10 yaşlı Sadiq Paşayev bildirib.

O, artıq dörd ildir cüdo ilə məşğul olur və idmana cüdoçu olan atasının yolu ilə gəlib. Oğlan peşəkar idmançı olmağı arzulayır, lakin cüdoda karyerası alınmasa, təhsilin vacibliyini də xüsusi vurğulayır.
Sadiqin kumiri Hidayət Heydərovdur. Olimpiya çempionu, yaponiyalı Sehei Ono kimi, digər gənc idmançı – 14 yaşlı Əli Həbibi üçün də nümunədir. O, güləşlə məşğul olunan bir ailədə böyüsə də, valideynləri ona öz seçimlərini zorla qəbul etdirməyiblər. "Mən cüdoya ona görə gəldim ki, bu, çox gözəl idman növüdür", – deyə Əli bildirib.

O da peşəkar karyera arzuladığını söyləyir və yarışlarda uğurlu çıxış üçün yalnız ağır zəhmət nəticəsində formalaşan özünəinamın vacib olduğunu qeyd edir. Bununla belə, cüdoya böyük idman məqsədi ilə gəlməyənlər də var. Məsələn, 7 yaşlı Mehdi Paşazadə cüdo ilə cəmi bir ildir həvəskar səviyyədə məşğul olur və gələcəkdə polis olmaq istəyir.










Foto: İslam Atakişiyev
