Hidayət Heydərov Paris Olimpiadasındakı qələbəsindən sonra ilk uğurunu qazandı.
İdman.Biz Azərbaycan cüdoçusunun Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pri yarışında birinci yeri tutduqdan sonra Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytına verdiyi müsahibəni təqdim edir.
Hidayət bu qələbənin onun üçün nə demək olduğunu, tənqidlərə münasibətini və çətin vəziyyətdə düşdükdə oradan çıxış yolunu bölüşüb.
- Qələbə ilə geri dönüşünüz mübarək, Hidayət! Hazırda hansı hissləri keçirirsiniz?
- Çox xoş hisslərdir. Elə bil, hər şey yenidən, sıfırdan başlayıb. Davamı da mütləq gələcək.
- Olimpiadadan sonra sizin üçün çətin bir dövr başladı, bir neçə məğlubiyyət yaşadınız. Belə vəziyyətə düşüb onu dəyişmək, yenidən qalib olmaq necə hissdir?
- Karyeramda bu, ilk dəfə deyil. Mən artıq bir neçə dəfə yıxılıb yenidən qalxmışam. Bu, mənim üçün yeni bir hal deyil, təcrübəm var. Bilirdim ki, Yay Olimpiya Oyunlarından sonra bir qədər eniş olsa da, yenidən öz formama qayıda biləcəyəm. İdman həmişə yüksəliş və enişlərdən ibarətdir. Sadəcə, bu “dalğalanmalara” hazır olmaq lazımdır.
- Belə vəziyyətlərdən çıxmaq üçün sizin “reseptiniz” nədir? Sizi nə motivasiya edir?
- Mən artıq olanları ürəyimə salmıram, bilirəm ki, yenə zirvəyə qayıdacağam. Mən Olimpiya, dünya və Avropa çempionuyam, ona görə də nəticələr mütləq gələcək. Buna şübhəm yoxdur. Hətta deyə bilərəm ki, məğlubiyyətlər və mənfi rəylər məni daha da gücləndirir, gələcək üçün stimul verir.
- Yəni, tənqidlər sizə güc verir?
- Bəli, məhz elə! Hətta bəzən onları xüsusi olaraq axtarıb oxuyuram, bu, mənə əlavə motivasiya verir.
- O halda, həmin insanlara indi nə demək istərdiniz?
- Finaldan əvvəl mənə dəstək verən bəzi şərhləri gördüm, yazırdılar ki, “biz sənə inanırıq”. Amma eyni adamlar məğlub olanda mənim haqqımda mənfi rəy bildirirdilər, onların sözlərini yaxşı xatırlayıram. Ona görə də, qoy onlar riyakarlıq etməsinlər.
- Azərbaycan millisinin Amerika turu başa çatdı - əvvəlcə Limada Qran-pridə, sonra Qvadalaxarada mübarizə apardınız. Bu səfər sizdə hansı təəssürat yaratdı?
- Mənə Latın Amerikası çox xoş təsir bağışladı, çox gözəl yerlərdir. Peruda uduzdum, amma Qvadalaxarada qalib gəldim, qalibiyyət yoluna qayıtdım. Üstəlik, gələn il burada “Masters” adlı böyük reytinq turniri keçiriləcək. Komandamızın bu dəfəki səfərinin məqsədlərindən biri də həmin yarışa hazırlıq və yerli şəraitə uyğunlaşma idi.
- Yenidən fəxri kürsüyə qayıtdınız. Bu hissləri yaşamaq üçün çoxmu darıxmışdınız?
- Düzünü desəm, final mərhələsinin ab-havasına çox darıxmışdım. Məşq zalından arenaya doğru asta-asta getmək, sonra tatamiyə çıxmaq - bu prosesin özünəməxsus bir enerjisi var. Bu hisslər əvvəlkilərdən fərqlidir. Qarşıda bizi yeni yarışlar gözləyir, ona görə hazırlığımı davam etdirəcəyəm.
Zəki Fəyzullayev