Moldova Prezidenti Maya Sandu mədəniyyət, idman, təhsil, dövlət idarəçiliyi, tibb, iqtisadiyyat və elm sahələrində fəaliyyətlərinə görə bir sıra şəxsləri dövlət mükafatları ilə təltif edib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, təltif olunanlar arasında "Paris-2024" Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan əsilli cüdoçu Adil Osmanov da var. Moldova Prezidentinin Fərmanı ilə Adil Osmanov “Şərəf” ordeni ilə təltif edilib. A.Osmanov Moldova idmanının inkişafındakı müstəsna xidmətlərinə və bu sahədə əldə etdiyi yüksək nailiyyətlərə görə təltif olunub.
Ali mükafata layiq görüldüyü üçün Prezident Maya Sanduya təşəkkürünü bildirən A.Osmanov AZƏRTAC-a açıqlamasında deyib ki, bu, həm də Moldova-Azərbaycan dostluğuna verilən qiymətdir.
“Bu, təkcə mənim şəxsi uğurum deyil, həm də müxtəlif icmaların nümayəndələrinin ölkənin beynəlxalq nüfuzuna mühüm töhfə verdiyi Moldovanın birliyinin və gücünün mühüm simvoludur”, - deyə Adil Osmanov əlavə edib.
“Qeyd edək ki, Adil Osmanov Moldova Azərbaycanlıları Konqresinin işində fəal gənclərdən hesab olunur. O, Azərbaycanın Moldovadakı diasporunun inkişafında yaxından iştirak edir.